Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Əli-zadə Mirzə-ağa Hacı-bala oğlu
Əli-zadə Mirzə-ağa 15 mart 1910-cu ildə Bakı şəhəri, Əmircan qəsəbəsin­də neftçi ailəsində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitut­unu bitir­dik­dən sonra təsərrüfatın müxtəlif sahələrində çalışmışdır. Moskva­da aspirant olmuş (1936-1939) və bitki fiziologiyası sahə­sində görkəmli alim D.A.Sabininin rəh­bər­liyi ilə elmi fəaliyyətə başlamışdır. Aspirantura illərində paxlalı bitkilərdə molekulyar azotun bioloji fiksasiyası sahəsində elmi işlər aparmış və alınan nəticələr əsasında namizədlik dissertasiyası müdafiə etmişdir (1940). Azərbaycan Elmi Tədqiqat Pambıqçıliq İnstitutunda öncə baş elmi işçi, daha sonra direktor müavini vəzifə­lərində çalışmışdır (1943-1944). Azərbaycan Elmi Tədqiqat Çoxiillik Bitkilər İnsti­tutu və Azər­baycan Elmi Tədqiqat Əkinçilik İnstitutlarında laborato­riya müdiri ol­muş­dur (1944-1961). 1961-ci ildən ömrünün sonuna qədər Azər­bay­can Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda Bitki fizio­logiyası laboratoriya­sının rəhbəri vəzifəsində çalışmışdır.

M.Əlizadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1968) və həqiqi üzvü (1980) seçilmişdir.

M.Əlizadənin elmi fəaliyyətinin böyük bir hissəsi su rejimi ilə əla­qədar çay kollarının böyümə və budaqlanmasının tədqiqinə həsr olunmuş­dur. Alim müəy­yən etmişdir ki, çay bitkisində fəal böyümə və böyümənin da­yan­ması boy nöqtəsində nuklein mübadiləsindən, xüsusilə də RNT-nin miq­darından asılıdır. Belə ki, yatmış tumurcuqlarda RNT-nin miqdarı ilə intensiv böyümə arasında birbaşa əlaqənin olduğu aşkar edilmişdir. Bu kimi nəzəri nəticələrə əsaslanan müəllif, çay kollarında il boyu daha çox böyümə və budaqlanmanı təmin edən praktik tədbirlər planı işləyib hazırlamışdır. “Azərbaycanın sub­tro­pik səraitində su rejimi ilə əlaqədar çay kollarının böyümə xüsusiyyətləri” mövzusunda disser­tasiya müdafiə edərək, bitki fiziologiyası sahəsində biolo­giya elmləri doktoru alimlik dərəcəsi almışdır (1959). M.Əlizadənin elmi fəaliyyətinin ən məhsuldar dövrü Azərbaycan EA Genetika və Seleksiya İnsti­tutunda işlədiyi illərə təsadüf edir. Bu illərdə o, özünün gənc tələbələri və əməkdaşları ilə birlikdə nuklein tur­şu­larının tədqiqi sahəsində geniş işlər aparmış və elm aləminin diqqətini cəlb edən bir çox nəticələr əldə etmişdir. M.Əlizadənin rəhbərlik etdiyi laboratoriyada ilk dəfə olaraq tut bitkisi soma­tik hücey­rələrində ploidliliklə DNT miqdarı arasın­dakı korelyasiyanın tetra­ploid səviyyəsinə qədər uyğun gəldiyi, daha sonra yük­sək ploidli tut forma­ların­da isə korelyasiyanın olmadığı aşkar edilmişdir. M.Əli­zadə və əməkdaş­ları ilk dəfə olaraq heterozis hadisəsinin molekulyar-genetik əsaslarını izah edən maraqlı nəticələr əldə etmişlər.

M.Əlizadə 4 monoqrafiya, 200-dən çox elmi məqalə və bir neçə ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 15 elmlər na­mizədi və 2 elmlər doktoru hazır­lanmışdır. 2 dəfə "Şərəf nişanı" ordeni və 3 medalla təltif olunmuşdur.

Akademik Mirzəağa Əlizadə 5 may 1981-ci ildə Bakıda vəfat etmişdir.

 (1910- 1981)