Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Hacıyev Yaqub Hüseyn oğlu
Yaqub Hacıyev 1929-cu il may ayının 9-da Şəmkir rayonunun Morul kən­dində anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu­nun Baytarlıq fakültəsinə daxil olmuş, 1949-cu ildə Leninqrad Baytarlıq İnstitu­tuna köçürülərək, 1951-ci ildə burada ali təhsilini başa vurmuşdur. O, 1957-ci ildə Moskvada Konstantin Skryabin adına Ümumittifaq Helmintologiya İnstitu­tu­nun aspiranturasını bitirmişdir.

Yaqub Hacıyev 1952-1956-cı illərdə Azərbaycan Elmi Tədqiqat Baytarlıq Təcrübə Stansiyasının Naxçıvan dayaq məntəqəsində kiçik elmi işçi, 1956-1958-ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Naxçıvan Kənd Təsərrüfatı Zona təcrübə stansiyasında baytarlıq şöbəsinin müdiri, 1958-1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin respublika baytarlıq laboratoriyasında baş baytar vəzifələrində çalışmışdır.

Yaqub Hacıyevin elmi fəaliyyəti 1968-ci ildən Azərbaycan Elmi Tədqiqat Bay­tarlıq İnstitutu ilə bağlı olmuşdur. O, ömrünün sonuna qədər burada labora­to­riya müdiri işləmişdir.

Yaqub Hacıyev 1957-ci ildə namizədlik və 1968-ci ildə doktorluq dissertasi­yalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O, 1972-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü seçilərək, akademiyanın heyvandarlıq və baytarlıq üzrə Zaqafqaziya böl­məsinin sədri vəzifəsini tutmuş, 1991-ci ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir. Yaqub Hacıyev 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi.

Akademik Yaqub Hacıyevin elmi tədqiqatlarının başlıca istiqaməti baytarlıq helmintologiyası ilə bağlıdır. O, təbiətdə və heyvan orqanizmində mikro­element­lərin miqdarından asılı olaraq, helmintozların yayılma qanunauyğunluğunu üzə çıxarmaqla ən geniş yayılmış helmintozlara qarşı müalicə-profilaktik tədbirlər hazırlamış və onların tətbiqini təşkil etmişdir. Yaqub Hacıyev helmintozlara qarşı orqanizmin müqavimətinin artırılması və terapiya məqsədi ilə mikroelement­lərin tətbiqinin elmi əsaslarını işləmişdir. Suvarılan torpaqlarda bu tədbirlərin həyata keçirilməsi sayəsində həmin xəstəliyin kəskin formasına yoluxma halları azalmışdır.

Alimin tədqiqatları 180-dək elmi əsərdə, o cümlədən 10 kitabda öz əksini tapmışdır. O, "Azərbaycan aqrar elmi" jurnalının baş redaktoru idi.

Yaqub Hacıyev bir sıra fəxri adlara layiq görülmüş, orden və mükafatlarla təltif edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Yaqub Hüseyn oğlu Hacıyev 2009-cu il iyulun 19-da Bakıda vəfat etmişdir.

(1929–2009)