İbrahimov İbrahim İbiş oğlu

İbrahimov İbrahim İbiş oğlu 1912-ci il fevralın 28-də Füzu­li rayonunun Qar­ğaba­zar kəndində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitu­tunu bitirmişdir. 1939-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1947-ci ildə fizika-riyaziyyat üzrə elmlər dokto­ru alimlik dərəcəsini almış, 1959-cu ildə AEA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Azərbasycan Dövlət Universitetində dosent (1939-1947), 1946-cı ildən öm­rü­nün sonunadək Funksiyalar nəzəriyyəsi üzrə ümumşəhər elmi seminarın rəhbəri, AEA Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri (1958-1959), AEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru (1959-1963), 1963-cü ildən ömrünün sonunadək Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri, Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri (1977-1994) olmuşdur.                

İ.İbrahimov Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbini yarat­mış­dır. Analitik fuksiyanın ardıcıl törəmələri sisteminin və analitik funksiya va­sitəsilə düzəldilən bəzi funksiyalar sistemlərinin tamlığını tədqiq etmiş və mühüm elmi nəticələr almışdır. Bu nəticələr sırasında onun akademik M.V.Keldışla birlikdə “Nyuton interpolyasiya sırasının bütün tam funksiya­lar sinfində yığılması üçün dəqiq əlamət”ini tapması, akademik A.O.Gel­fondla birgə interpolyasiya nəzəriy­yə­sinin üsulları vasitəsilə “İki nöqtə haqqında problem” adlanan məsələni həll etməsi funksiyalar nəzəriyyəsinin böyük elmi nailiyyəti və bir sıra elmi tədqi­qat­ların çıxış nöqtəsi olmuşdur. Kompleks də­yi­şənli funksiyaların sonsuz ob­last­larda tam funksiyalar vasi­təsilə yaxınlaş­dı­rıl­ması məsələlərinə həsr olun­muş əsərlərində onun tədqiq etdiyi əsas sahələr öz əksini tapmış, həm özünün, həm də tələbələrinin əldə etdiyi nəticələrlə kompleks və həqiqi dəyişənli funk­siyalar nəzəriyyəsi sahəsində mühüm əhəmiyyətli silsilə tədqiqatların təməlini qoymuşdur.

İ.İbrahimovun Azərbaycanda ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xid­mətləri vardır.

200-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəl­li­fidir. 60-dan çox fəlsəfə doktoru və 10 elmlər doktoru hazırlamışdır.

1986-cı ildə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuş, 1988-ci ildə Azər­baycan SSR Əməkdar elm xadimi fəxri adını almışdır.

Akademik İbrahim İbrahimov 1994-cü ildə Bakıda vəfat etmişdir.

(1912-1994)