İmanov Lətif Muxtar oğlu

İmanov Lətif Muxtar oğlu 1922-ci il sentyabrın 15-də Şuşa şəhərində ana­dan ol­muşdur. 1944-cü ildə Azərbaycan Döv­lət Uni­versitetinin Fizika fakültə­sini bitir­mişdir. 1954-cü ildə fizika üzrə fəlsəfə doktoru, 1964-cü ildə fizika üzrə elmlər doktoru elmi dərə­cəsini, 1966-cı ildə isə professor elmi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda baş­la­yaraq elmi işçi, böyük elmi işçi (1944-1954), laboratoriya rəhbəri (1954-1980) vəzifələrində işləmişdir.

Lətif İmanov radiospektroskopiya üzrə tanınmış alimdir. Elmi fəaliy­yə­tinin əsas istiqamətləri olan molekulyar qaz radiospektroskopiyası, dielek­trik relak­sa­siya, elektron-paramaqnit rezonans və nüvə maqnit rezonans spektroskopi­yası sahələri üzrə əsaslı elmi nəticələr əldə etmişdir.

L.İmanovun rəhbərliyi ilə mürəkkəb qaz readiospektrometr qurğuları yara­dılmış, müxtəlif molekulların və onların izotop formalarının mikrodalğa spektr­ləri öyrənilmiş, spirt və merkaptan molekullarının yeni dönmə izomer­ləri aşkar edilmişdir. Alim yaratdığı ölçü qurğuları vasitəsilə üzvi maye və bərk maddə­lərin tədqiqi sahəsində uğurlar qazanmış, şüşələrin elektron-paramaqnit rezo­nans spektrini və elektrik xassələrini öyrənmişdir.

Xarici və respublika jurnallarında dərc edilmiş 150-dən çox məqa­lə­nin müəllifidir (onlardan 10-u müəliflik şəhadətnaməsidir). Rəhbərliyi ilə 1 elmlər doktoru və 10 fəlsəfə doktoru yetişdirilmişdir.

L.İmanov keçmiş SSRİ EA Spektroskopiya Elmi Şurasının üzvü, Ra­dio­spek­troskopiya problemi üzrə Respublika Elmi Şurasının sədri olmuşdur.

Əməkdar elm xadimi fəxri adına layıq görülmüşdür (1979).

Akademik Lətif İmanov 1980-ci ildə Bakıda vəfat etmişdir.

(1922-1980)