Qarayev Abdulla İsmayıl oğlu

Abdulla İsmayıl oğlu Qarayev 1910-cu il yanvarın 14-də Bakı şəhərində anadan olmuş­dur. Azərbaycan Dövlət Universitetinin Peda­qoji fa­kültəsinin təbiət bölməsini (1930), Azərbay­can Dövlət Tibb İnstitutunu bitirmişdir (1936).

Tibb elmləri nami­zədi (1937), biolo­gi­ya elmləri namizədi (1938) və tibb elmləri dok­toru alimlik dərəcəsini almış (1940), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir (1949).

Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrasında professor və Azərbaycan Dövlət Universi­tetində İnsan və heyvan fiziologiyası kafed­ra­sının müdiri vəzifələrini tutmuşdur (1940-1942). Azərbaycan Dövlət Univer­si­tetinin elmi hissə üzrə prorektoru, 1942-1944-cü illərdərektoru və kafedra müdiri (1944-1950) vəzifələrində çalışmışdır. AEA-nın Biologiya və Kənd Təsər­rüfatı elmləri Bölməsinin akademik-katibi işləmişdir (1952-1956). Respublika Ali və Orta ixtisas təhsili komitəsinin sədri olmuşdur (1961-1963).

A.İ.Qarayev Azərbaycanda eksperimental fizioloji istiqamətin təşəb­büsçüsü ol­muş və həmin məktəbin əsasını qoymuşdur. Onun səyi və rəhbər­liyi altında Zoolo­giya İnstitutunun Fiziologiya şöbəsi əsasında Elmlər Akade­mi­yasında Fizio­logiya sektoru yaradılmışdır (1953). Sonralar (1968) bu sektorun əsasında EA-nın Fiziolo­giya İnstitutu təşkil edilmiş və institutun direktoru A.İ.Qarayev təyin olun­muşdur (1953-1968).

A.İ.Qarayevin əsas elmi fəaliyyəti əzələ və sinir toxuması potensial­larının mad­də­lər müba­diləsinin, sulukarbonlar mübadiləsinin vəziy­yə­­tindən asılılıq problemi­nin araşdırılması və özünütənzim mexanizmində iştirakının fiziologiyası və neyro­kimyasının öyrənilməsi olmuşdur. Onun subliminal qıcıq­ların yayılmasına dair əldə etdiyi dəlillər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fiziologiya kafedrasında tərtib olunan dərsliklərə daxil edilmişdir (1935).

Akademik A.İ.Qarayevin elmi axtarışlarının maraqlı sahələrindən birini də Azərbaycan ərazisində təbii balneoloji mənbələrin təbabətdə istifadəsinə şərait yarada biləcək tədqiqatlar təşkil edir. Böyük Vətən müharibəsi illərində A.İ.Qarayev Naf­talan neftinin yanıq və yaraların sağalmasına təsirini də öyrənmişdir. Bu nadir neftin yarasağaldıcı və ağrıkəsici maddə kimi təbabətdə istifadə edilməsini təklif etmiş­dir. Nəzəri fiziologiya sahəsində daxili analizatorların maddələr mübadiləsi­nin tənzimi mexanizmində iştirakına, beyinin torabənzər törəmələrinin fiziologiya­sı və neyrokimyasına dair fundamental tədqiqatları A.İ.Qara­yevə keçmiş SSRİ mə­kanın­da görkəmli fizio­loqlar arasında dərin nüfuz qazandırmışdır.

Akademik A.İ.Qarayev 7 monoqrafiyanın və 300-dən artıq məqalənin müəl­lifidir. Onun rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və fəlsəfə doktoru hazır­lanmışdır.

A.İ.Qarayev Bakı Sovetinin deputatı (1948), Azərbaycan Respublikası Bilik Cəmiy­­yətinin sədr müavini (1948-1968), Ümumittifaq Fizioloqlar Cəmiyyətinin Azərbaycan bölməsinin sədri (1951-1968) olmuşdur.

A.İ.Qarayev Azərbaycanın əməkdar həkimi (1940), Əməkdar elm xadimi (1943) fəxri adlarına layiq görülmüşdür. “Qırmızı Ulduz” (1944), “Qır­mı­zı Əmək Bayrağı” (1946, 1954, 1967) ordenləri və “Qafqazın müda­fiəsi uğrunda” (1946), “Böyük Vətən müharibəsindəki fədakar əməyə görə (1941-1945-ci illər)” medalları ilə, İ.M. Seçenov adına fəxri medalla təltif olunmuş, ilk dəfə Azərbaycan fizioloqları içərisində Beynəlxalq Beyin Tədqiqatı Təşkilatına (IBRO) üzv seçilmişdir.

Akademik Abdulla İsmayıl oğlu Qarayev 1968-ci il dekabrın 8-də Bakıda vəfat etmişdir.

(1910-1968)