Qasımov Mirabbas Göycə oğlu

Qasımov Mirabbas Göycə oğlu 1939-cu il iyulun 11-də Şamaxı rayonunun Nəri­man­kənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuş­dur. 1961-ci ildə M.V.Lomo­no­sov adına MDU-nun Mexanika-riyaziyyat fakültəsini bitir­mişdir. 1964-cü ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu disertasiyasını müdafiə etmiş, 1968-ci ildə professor elmi adını almış, 1980-ci ildə AEA-nın müxbir üzvü, 1989-cu ildə isə hə­qi­qi üzvü seçilmişdir.

Moskva Fizika-Texnika İnstitutunda as­sis­tent (1964-1965) F.E.Dzerjinski adına Hər­bi-Mühəndislik Akademiyasında baş müəllim (1965-1968), Azərbay­can Dövlət Universitetində professor (1968-1972), kafedra müdiri (1972-2008), dekan, rektor (1990-1992), AEA Riyaziyyat və Mexanika İnstitutunun şö­bə müdiri (1970-1976), Azərbaycan Respublikası Təhsil nazirinin birinci müavini (1989-1990) vəzifələrində çalışmışdır.

M.Qasımov Azərbaycanda müasir riyaziyyat elmi məktəbinin yaradı­cıların­dan biridir. Requlyar Şturm-Liuvill operatoru üçün iki spektrə görə tərs məsə­ləni tam həll etmiş, potensialın bərpası üçün effektiv üsul vermiş, sinqulyar halda növbələşən iki ardıcıllığın eyni bir operatorun məxsusi ədəd­ləri olması üçün meyar tapmışdır. Dirak tipli diferensial tənliklər sistemi üçün spektral analizin tərs məsələsini, həmçinin eksponensial azalan poten­siallı öz-özünə qoşma olmayan çoxölçülü Şredinger operatoru üçün səpilmə məsələ­sinin həllinə görə ayrılış məsələlərini tam həll etmişdir. Verdiyi üsul­lar dünya elmi ədəbiyyatında onun adını daşıyır.

İkinci tərtib periodik potensiallı geniş sinif adi diferensial operatorların spektral analizini qurmuşdur. Belə potensiallar dünya riyazi ədəbiyyatında Qasımov potensialı adlanır. Keldış operator dəstələrinin məxsusi və qoşul­muş funksiyalar sisteminin çoxqat tamlığını və bu dəstələrin faktorlaşdırıl­ma­sını, müəyyən sinif tipsiz operator-diferensial tənliklər üçün Koşi məsələ­sinin korrektliyini göstərmişdir.

M.Qasımov 100-ə yaxın elmi işin müəllifidir. 70-ə yaxın fəlsəfə doktoru və 15-dən çox elmlər doktoru hazırlamışdır.

Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat kafedrasının, Tətbiqi riya­ziy­yat və kibernetika fakültəsinin, Tətbiqi riyaziyyat Elmi Tədqiqat İns­titutunun təşkili və inkişafında müstəsna xidmətləri olmuşdur.

1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş­dur. Riyaziyyatçıların üç Beynəlxalq konqresində (Moskva – 1966, Nitsa – 1970, Vankuver – 1974) iştirak etmişdir.

Moskva Riyaziyyat Cəmiyyətinin üzvü, Egey-İzmir və Səlcuq-Konya Univer­si­tetlərinin fəxri doktoru olmuşdur. Akademik M.V.Keldış adına qızıl medal ilə təltif olunmuşdur.

Akademik Mirabbas Qasımov 2008-ci ildə Bakıda vəfat etmişdir.

 (1939-2008)