Qəniyev Məmmədtağı Qasım oğlu

Qəniyev Məmmədtağı Qasım oğlu 1907-ci il mayın 9-da Şamaxı şəhərində anadan olmuşdur. S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuş, oranı bitirmiş (1920-1926) və Leninqrad hərbi rabitə məktəbinə göndəril­miş­dir (1926). Səhhəti ilə əlaqədar hərbi təhsildən azad edilərək (1927) Bakıya qayıtmışdır.

M.Ə.Sabir adına orta məktəbi bitirmiş (1928), 1928-ci ildə Zakfederasiya adına Yerevan Baytar-zootexnika İnstitutunda ali təhsilini başa vurmuşdur (1932).

Baytarlıq üzrə fəlsəfə (1936) və elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir (1944). SSRİ Kənd Təssərüfatı Akademiyasının (1958), Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir (1962). M.Q.Qəniyev 1932-ci ildə Azərbay­can Kənd Təssərüfatı İnstitutunun Mikrobiologiya kafedrasının assistenti kimi daimi işə qəbul edilmişdir.

Müxtəlif elmi tədqiqat və dövlət qurumlarında elmi işçi, kafedra müdiri, baş baytar həkim, İnstitut direktoru və s. kimi vəzifələrdə çalışmışdır. Axırıncı iş yeri AMEA-nın Mikrobiologiya İnstitutu olmuşdur.

Azərbaycanda baytarlıq sahəsində elmi-tədqiqat işlərinin təşkilatçısı və rəh­bəri kimi M.Q.Qəniyevin əsas elmi fəaliyyəti iribuynuzlu heyvanlarda pas­terel­lyoz xəstəliyinin tədqiqi və ona qarşı mübarizə tədbirlərinin hazırlan­ması ilə bağlı olmuşdur. Bunların nəticəsi kimi pasterellyoz xəstəliyinin törə­dicisi əhatəli şəkildə tədqiq edilmiş və onun yayılmasının xarakterik xüsusiy­yətləri müəyyən­ləşdirilmiş, xəstəliyin müalicəsində effektiv təsirə malik olan vaksin hazırlanmış­dır ki, o da 1949-cu ildən sənaye miqyasında kütləvi istehsal edil­məyə başlan­mışdır. Sonralar həmin vaksinin təkmilləşdirilməsi ilə məşğul olan akademik onun yeni, daha effektli variantını hazırlamışdır ki, bu vaksin də 1966-cı ildə keç­miş SSRİ Kənd Təsəsrrüfatı Nazirliyi tərəfindən müsbət rəy alaraq preparat kimi təsdiq olunmuş və geniş şəkildə tətbiq edilmişdir. Bundan başqa, M.Q.Qəni­yev kənd təsərrüfatı heyvanlarında geniş yayılan çiçək, dabaq, aqalakti­ka, leykoz, listerioz və s. xəstəliklərinin öyrə­nilməsi sahəsində də geniş tədqi­qatlar aparmış, prof. Ə.Ənnağıyevlə birlikdə listerioz əleyhinə canlı vaksin təklif etmiş və bu vak­sin 1965-ci ildə keçmiş SSRİ Kənd Təsəsrrüfatı Nazir­liyinin Elmi Texniki Şurası tərəfindən təsdiq edilərək və kütləvi istehsalına başlanmışdır.

Akademik M.Q.Qəniyevin 200-dən artıq elmi əsəri dərc edilmişdir. Onların arasında monoqrafiya və dərsliklər də kifayət qədərdir.

Onun mikrobiologiya sahəsində ilk işi “Mikrobiologiyanın əsasları” adlı dərs­likdən ibarət olmuşdur (1933). Bu, Azərbaycan dilində hazırlanan ilk dərslikdir.

Onun rəhbərliyi ilə 36 fəlsəfə və elmlər doktoru hazırlanmışdır.

Elmi, pedaqoji və ictimai fəaliyyətinə görə akademik M.Q.Qəniyev “Şərəf ni­şanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, bir sıra medallar və Fəxri Fərmanlarla təltif olunmuş, Əməkdar elm xadimi adı almışdır.

Akademik Məmmədtağı Qəniyev 24 may 1979-cu ilin Bakıda vəfat etmişdir.

(1907-1979)