Quliyev Əli Musa oğlu

  (1912-1989)
Quliyev Əli Musa oğlu 1912-ci il ma­y ayının 31-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Döv­lət Uni­versitetinin Kimya fakültəsini bitir­miş (1939), Dövlət imtahan komissiyasının qərarı ilə Üzvi kimya kafedrasında assistent vəzifə­sində saxlanılmışdır.

Ə.Quliyev 1944-cü ildə kimya üzrə fəl­səfə doktoru və 1951-cı ildə kimya üz­rə elm­lər doktoru elmi dərəcəsini və professor elmi adını almış, AEA-nın müx­bir üzvü (1958), həqiqi üzvü seçilmişdir (1959).

Ə.Quliyev 1937-ci ildə AzETNİ-də elmi fəaliyyətə başlamış, Yağlar və aş­qarlar laboratoriyasının rəhbəri olmuşdur (1945-1965). 1965-1967-ci illərdə o, AEA Kimya Elmləri Bölməsinin akademik-katibi kimi fəaliyyət göstərmiş, 1965-­ci ildə təşkil edilmiş, keçmiş SSRİ-də aşqarlar sahəsində yeganə ixtisaslaş­mış institut – Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və 1987-ci ilə kimi fasi­ləsiz direktoru olmuşdur. 1992-ci ildə İnstituta onun adı verilmişdir.

Ə.Quliyev üzvi kimya və neft kimyası sahəsində görkəmli alim, neft kimyasının yeni sahəsi, sürtkü yağları, yanacaqlar və xüsusi mayelərin istis­mar keyfiyyətini yaxşılaşdıran aşqarların və onların əsasında yüksək keyfiy­yətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradıl­ması və sənayedə tətbiqinin keçmiş SSRİ-də əsasını qoyanlardan biri olmuşdur.

Onun rəhbərlik etdiyi illər ərzində institut aşqarlar kimyası sahəsində mü­hüm nailiyyətlər qazanmışdır: yüksək təsirli yeni aşqarlar və müxtəlif növ sürtkü yağları, o cümlədən xüsusi təyinatlı sürtkü yağları və xüsusi mayelər yaradılmış və tətbiq edilmişdir. Strateji əhəmiyyətli bu yağlar indi də respub­likanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün mühüm əhə­miyyətə malikdir.

Ə.Quliyev 600-dən çox elmi əsərin, o cümlədən 200-ə yaxın ixtira və 10 monoqrafiyanın müəllifidir. «Химия и технология присадок к смазоч­ным маслам и топливам» kitabı 1972-ci ildə Moskvada və genişlənmiş variantı 1985-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunmuş, 1972-ci il nəşri həmin illərdə macar və slovak dillərinə tərcümə edilmişdir.

Ə.Quliyev aşqarlar kimyası sahəsində elmi məktəb yaratmışdır: onun rəh­bərliyi altında 19 elm­lər doktoru, 60-dan çox fəlsəfə doktoru hazır­lan­mışdır.

SSRİ Elmlər Akademiyasının, SSRİ Nazirlər Soveti Dövlət Elm-Texnika Komitəsinin və SSRİ Neft-Kimya və Neft Emalı Sənayesi Nazir­liyinin nəzdində fəaliyyət göstərmiş şuraların üzvü olmuşdur.

Ə.Quliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, «Qır­mızı Əmək Bayrağı» (2 dəfə) və «Şərəf Nişanı» ordenləri, Böyük Vətən müharibəsi illərindəki fəaliyyətinə görə medallar və Azərbaycan SSR Ali Sovetinin Fəxri fər­manı (5 dəfə) ilə təltif olunmuş, Əməkdar elm xadimi fəxri adına, SSRİ (2dəfə) və Azərbaycan SSR Dövlət mükafatlarına layiq görülmüşdür.

Akademik Əli Quliyev 1989-cu ildə Bakıda vəfat etmişdir.