Quliyev Səftər Mehdi oğlu

S.Quliyev 1908-ci ildə Bakı şəhərində anadan ol­muş­dur. 1930-cu ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir.

S.Quliyev 1939-cu ildə «Qazma boru­ları dəstə­sinin tarazlığının dayanıqlı formaları barədə» mövzusunda dissertasiya işini müda­fiə edə­rək texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə isə «Neft qu­yuları üçün çınqıllı filtrlər» mövzu­sunda dis­sertasiya işini müda­fiə edərək texnika üzrə elmlər doktoru elmi də­rəcələrini almışdır. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müx­bir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir.

S.Quliyev 1928-1942-ci illərdə Azərneft İstehsalat Birliyinin qazma müəssi­sə­­lərində texnik vəzifəsində əmək fəaliyyətinə başlayaraq, baş mü­hən­disə qə­dər müxtəlif vəzifələrdə işləmişdir. 1932-1960-cı illərdə Azərbay­can Neft Kim­ya İnsti­tu­tunun (indiki ADNA) Neft və qaz quyularının qazılması kafedrasın­da assistent, dosent, professor və ilk azərbaycanlı kafedra rəhbəri işləmişdir. S.Quliyev 1945-ci ildə AEA-nın yenidən yara­dılmış Neft İnsti­tutunda elmi işlər üzrə direktor müavini təyin edilmiş, 1960-1971-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemləri İnstitutunun direktoru ol­muş­dur. O, uzun müddət keçmiş İttifaqın Ali Attestasiya Komissiyasının dağ ekspert komissiyasının üz­vü, eyni zamanda neft və qaz səna­yesinin Azərbaycan elmi-texniki cəmiyyətinin fəxri üzvü olmuşdur. Rəhbərlərin­dən biri olduğu SSRİ Nazirlər Şurası nəzdin­dəki Dövlət Elm və Texnika Komi­təsinin Yerin Təkinin Tədqiqatı və çox dərin Qazma Probleminə dair İdarə­lərarası Elmi Şuranın da fəaliyyətində mühüm rol oynamışdır.

S.Quliyev neft və qaz quyularının qazılması sahəsində görkəmli alim, çox dərin qazma üsulunu ilk tətbiq edənlərdən biri, neft və qaz hasilatı sə­nayesi sahəsində Azərbaycan dilində elmi-texniki terminologiyanın yaradı­cı­sıdır. 1936-cı ildə S.Quliyevin rəhbərliyi altında Qaraçuxurda ilk dəfə çoxpilləli turbinli balta ilə quyu qazıldı.

S.Quliyevin elmi tədqiqatlarının sahələrinə isə qazıma rejimlərinin nəzəri əsaslarının işlənilməsi, quyuların bərkidilməsi, sürətli qazma texno­logiya­sının iş­lənilməsi, şaquli və maili quyuların rasional turbin qazmasının əsas­ları, dağ süxurlarının mərhələ-mərhələ dağıdılması daxildir. O, baltaya oxboyu yükü, qazma kəmərinin aşağı hissəsinin ağırlığı hesabına yox, ağırlaşdırılmış qazma boruları vasitəsilə ötürülməsi fikrini ilk dəfə həyata keçirən alimlərdən biri olmuşdur.

S.Quliyev 200-dən artıq elmi məqalənin, o cümlədən 20 monoqrafi­yanın və ali məktəb dərsliklərinin müəllifi olmuşdur. Onun 1947-ci ildə yaz­dığı “Neft quyu­larının qazılması” dərsliyi SSRİ Ali Təhsil Nazirliyi tərəfin­dən müvafiq təma­yüllü ali məktəblərdə tədris olunmaq üçün tövsiyə edilmiş ilk dərsliklərdən idi.

S.Quliyevin rəhbərliyi ilə bir neçə elmlər doktoru və 63 fəlsəfə doktoru hazır­lanmışdır. S.Quliyev 46 fəlsəfə və elmlər doktorunun rəsmi opponenti olmuşdur.

S.Quliyev Azər­baycanın Əməkdar elm xadimi, SSRİ-nin Fəxri neftçi­si adla­rına layiq görülmüş, «Qırmızı Əmək Bay­rağı» ordeni və  çoxsaylı  medallarla müka­fatlandırılmışdır.

Akademik Səftər Quliyev 1973-cü ildə Bakıda vəfat etmişdir.

 (1908-1973)