Məmmədov Zülfüqar Mehdi oğlu

Məmmədov Zülfüqar Mehdi oğlu 1903-cü il 21 martda Gəncə şəhərində anadan olmuş­dur. 1921-ci ildə Yelizavetpol (Gəncə) gimna­ziya­sını bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir.

Z.Məmmədov 1936-ci ildə dis­sertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür.

Z.Məmmədov 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir.

Z.Məmmədov Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında ordinator, (1926-1928), assistent (1928-1931), dosent və Operativ cərrahlıq kursunun müdiri (1931-1936) olmuşdur. Azər­baycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri vəzi­fəsində çalışmış (1938-1971), respublikada zob xəstəliyi ilə mübarizə komi­təsinin sədri, Azərbay­can Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direk­toru, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru (1943-1946), Azərbaycan Cərrahlar Cəmiyyətinin səd­ri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü (1947-1971) olmuşdur. 1961-ci ildən yenicə təşkil olunmuş Elmi Tədqiqat Kliniki və Eksperimental Tə­babət İnstitutunun Endokrin cərrahlığı şöbəsinə rəhbərlik etmiş, eləcə də Ümum­it­tifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1962-1971) olmuşdur.

Z.Məmmədov cərrahiyyə sahəsi üzrə tanınmış alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini endemik ur xəstəliyinin, qalxana­bənzər və böyrək­üstü vəzilərin, yumurtalıqların xəstəliklərinin, eləcə də başqa endo­krinoloji xəstə­liklərin, həmçinin osteomilitlərin diaqnostikası və cərrahi müa­licəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin kli­nikası, diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftin­dən hazırlan­mış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil etmişdir.

Alim ilk dəfə olaraq Azərbaycan Respublikası ərazisində, xüsusi ilə də Şəki, Zaqatala və Balakən rayonlarında yod çatışmazlığı nəticəsində çox sayda əhali kütləsini əhatə edən endemik ur xəstəliyinin epidemiologiyası, diaqnostikası, profilaktika və müalicəsi üsullarını müəyyən etmiş, bu sahədə geniş diapazonlu işlərin həyata keçirilməsində əməli fəaliyyət göstərmiş, yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələri səhiyyə praktikasına tətbiq edilmişdir.

Z.Məmmədov 130-a qədər elmi əsərin, 8 monoqrafiyanın, “Ümumi cərrahlıq” dərsliyinin müəllifi olmuşdur. Xarici ölkələrdə keçirilən bir sıra kon­frans, qurul­tay və simpoziumlarda elmi məruzələrlə çıxışlar etmiş, aparılan elmi tədqiqat işlərinin nəticələrinə həsr olunmuş materiallar xarici ölkələrin elmi toplularında çap edilmişdir. Onun məsləhətçiliyi və rəhbərliyi altında 7 elmlər doktorluğu və 18 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur.

Z.Məmmədov Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adına (1942) layiq görülmüş, “Lenin”, “Qırmızı Ulduz”, Qırmızı Əmək Bayrağı” ordenləri və medallarla təltif olunmuşdur.

Akademik Zülfüqar Məmmədov 5 iyul 1971-ci ildə Bakıda vəfat etmiş və özünün vəsiyyəti ilə anadan olduğu Gəncə şəhərində dəfn ounmuşdur.

 (1903-1971)