Mustafayev İmam Daşdəmir oğlu

İmam Daşdəmir oğlu Musta­fayev 1910-cu il fevralın 25-də Zaqatala qə­za­sı­nın (hazırda Qax rayonu­nun) Qax kən­dində anadan olmuşdur.

İ.Mustafayev Zaqatala Kənd Təsər­rü­fatı Texnikumunu (1928), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (AKTİ) bitirmişdir (1932). AKTİ Genetika, seleksi­ya və toxum­çuluq kafedrasında aspirant olmuş (1932-1934), Moskva KT Akademiyasında dissertasiya müdafiə edərək kənd təsər­rüfatı üzrə namizədlik (1938), Leninqrad ÜRBİ (VİR)-də “Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu” mövzu­sunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır (1964). Azərbay­can EA həqiqi üzvü seçilmişdir (1950). Azər­baycan EA Elmi katibi (1950-1952), “Azərbaycan EA Məruzələri”, “Azər­bay­can sosialist kənd təsərüfatı” jurnalları­nın redaktoru, “Azərbaycan EA Xəbərləri” jurnalının redaksiya heyətinin üzvü, Bakı şəhəri və Azərbaycan üzrə deputatı, Azərbaycan SSR Dövlət Nəzarəti ko­missarının I müavini (1940-1954), Azərbaycan Xalq Torpaq komissarının I müa­vini, Azərbaycan KT naziri, Azərbaycan KP MK katibi, Gəncə vilayət komi­tə­sinin I katibi, Azər­baycan KP MK I katibi işləmişdir (1954-1959).

İ.Mustafayev Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun Dənli və dənli-paxlalı bitkilərin genetikası və seleksiyası şöbəsinin müdiri (1959-1997), institutun direktoru işləmişdir (1970-1985). 1963-cü ildən SSRİ EA Əlaqələndir­mə Şurası­nın üzvü, Genetika və seleksiya problemlərinə dair Elmi Şuranın sədri olmuşdur.

O,Zaqafqaziya respublikalarının ərazisində 2000-dən çox arpa, çovdar, vələmir, egilops və on mindən çox buğda və başqa dənli bitkilərin nümunəsini toplamışdır. Bir sıra buğda sortlarının – "Sevinc", "Cəfəri", "Zoğal buğda, "Tur­gidum-7", "Turanikim-186", "Qızıl buğda", "Bol buğda", "Arzu", "Kəhrəba", "Gür­gənə I", "Zərdabi", "Birlik" və "Qrekum 75/50", o cümlədən "Pallidum 596" arpa sortu, "AP-317" pambıq sortu, "Cəlilabad I" sarımsaq sortu, "Zəfərani", "Şəfa" və "Tozlayıcı" çaytikanı sortlarının müəllifidir. Alim beynəlxalq kon­frans­ların iştirakçısı, Avropa Seleksiyaçılar Assosiyasiyasının üzvü, “Mutantlar, yabanı bitən formaların, becərilən bitkilərin yerli populya­siya və sortlarının genofondunun toplanılması, öyrənilməsi, saxlanması”, “Əsas kənd təsərrüfatı bitkilərinin xüsusi seleksiyası”, Uzaq hibridləşdirmə işlərinin rəhbəri və koor­dinatoru olmuşdur. 

İ.Mustafayevin rəhbərliyi altında 75 elmlər namizədi və 4 elmlər dok­toru dissertasiyası müdafiə edilmişdir. Onun bitkiçilik, seleksiya, genetikanın müx­təlif istiqamətlərinə dair 332 elmi məqalə və tezisləri, 5 monoqrafiyası dərc olun­muşdur. O, “Qırmızı Əmək Bayrağı”, “Fəxri Nişan”, “Xalqlar Dostluğu” ordenləri, 5 medal, akademik S.İ. Vavilov adına qızıl medalla təltif olunub. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin 3 böyük, 1 kiçik qızıl, 1 gümüş medalı ilə təltif olun­muşdur.

Akademik İmam Mustafayev 10 mart 1997-ci ildə Bakıda vəfat etmişdir.

 (1910-1997)