Nəbiyev Bəkir Əhməd oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın hə­qiqi üzvü Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu il av­qus­tun 21-də Ağdaş bölgəsinin Üçqovaq kən­din­də ana­dan olmuşdur.

1954-cü ildə Bakı Dövlət Universite­ti­nin Filologiya fakültəsini bitirmiş, 1960-cı ildə filologiya elmləri namizədi alimlik dərə­cəsi almışdır.

1961-ci ildən AEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. On altı il (1971-1987) AMEA-nın Nizami adı­na Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə rəh­bər­lik etmişdir. 1982-ci ildə professor elmi adı almış, 1983-cü ildə Azərbay­can Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. 1987-ci ildən 2001-ci ilədək AMEA-nın Ədəbiyyat, Dil və İncə­sənət Bölməsinin akademik-katibi vəzifəsində ça­lışmış, «Azəbaycan EA Xə­bər­ləri» (ədəbiyyat, dil və incəsənət seriyası)» jurnalının baş redaktoru olmuş­dur. 2003-cü ildə АМЕА-nın müşaviri seçilmiş və həmin ildən ömrünün so­nunadək (2012) AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna rəh­bərlik etmişdir.

B.Nəbiyev altıcildlik «Çoxmillətli sovet ədəbiyyatı tarixi»nin (1974) həm­­müəl­lifi, ikicildlik «Аzərbaycan sovet ədəbiyyatı tarixi»nin (1967) müəl­liflərin­dən və redak­torlarından biri, ilk cildi 2004-cü ildə çapdan çıxmış altı­cildlik  «Аzər­baycan ədəbiy­yatı tarixi»nin baş redaktoru olmuşdur. Uzun illər (1976-1987) Azərbaycan Sovet En­si­klopediyasının ədəbiyyat məsələləri üzrə elmi məsləhətçisi, (2004-2012) Azərbay­can Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini kimi fəa­liyyət göstərmiş­dir. 30 cildlik «Тürk dünyası ədəbiyyatı tarixi» külliyyatının (2007, Аnkara) Azərbay­can Respublikası üzrə məsul əlaqələndiricisi olmuşdur.

Akademik B. Nəbiyev 51 kitabın, 800-dən artıq məqalə və resenziyanın müəlli­fidir. Alimin «Firudin bəy Köçərlinin həyat və yaradıcılığı», «Ədəbi düşüncələr», «Tən­qid və ədəbi proses», «Kamalın təntənəsi», «Roman və müa­sir qəhrəman», «Özümüz­dən baş­layaq», «Əhməd Cavad», «Didərgin şair», «Şəhriyar kəlamının vüsəti», «Çətin yollar­da», «İstiqlal şairi», «Xəzan vur­masın», «Heydər Əliyev haqqında etüdlər», «Hərənin öz yolu var...», «Üzeyir Hacıbəylinin ömürnaməsi» və b. kitabları elmi-ədəbi ictimaiyyət tərəfində dönə-dənə təqdir edilmişdir. B.Nəbiyevin rəhbərliyi altında 40 alim fəlsəfə doktoru və elmlər doktoru üzrə dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər.

Görkəmli alim ədəbi-tənqidi məqalələri üçün tənqidçilər arasında «Qızıl qələm» mükafatını almış (1974) ilk Azərbaycan tənqidçisidir. O, «Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı» mövzusunda tədqiqatına və «Heydər Əliyev və Azər­bay­can ədəbiyyatı» monoqrafiyasına görə 1978 və 2010-cu illərdə Azərbaycan Respub­likasının Dövlət Mükafatına layiq gö­rülmüş, ədəbiyyatşünaslıq elminin inki­şafın­dakı xidmətlərinə görə «Xalqlar Dostluğu» ordeni ilə təltif edilmişdir (1986). Əməkdar elm xadimi (1990), «Hacı Zeynalabdin Tağıyev» (1993) və «Məmməd Araz» (1994) mükafat­la­rı­nın laureatı olmuşdur. 2002-ci ildə «Türk dünyası xalq­larına xidmət üçün» Beynəlxalq TİKA mükafatına, Azərbaycan Jurnalistlər Birliyi Rəyasət Heyətinin «Ustad» Ali Mükafatına (1997), 2005-ci ildə «Akademik Yusif Məmmədəliyev» medalına layiq görülmüşdür. «Xalqlar dostluğu», «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilmişdir.

Akademik Bəkir Nəbiyev 2012-ci il martın 16-da Ba­kı­­da vəfat etmiş, Fəxri xiya­ban­da dəfn edil­mişdir.

(1930-2012)