Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu

Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu 1903-cü il dekabrın 31-də Bakı şəhərin­də anadan olmuşdur. Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tibb fakültəsini bitir­m­işdir (1927).

M.M.Nəsirov tibb üzrə fəlsəfə doktoru (1937) və elmlər doktorluğu (1950) disserta­siya­la­rını müdafiə etmişdir. Professor elmi adını almışdır (1950). Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1968) seçilmişdir.

M.M.Nəsirov 3 saylı şəhər xəstəxana­sında həkim (1927-1929), Ordu sırala­rın­da alay həkimi (1929-1931), Res­publika ET Kiniki İnstitutunda ordinator (1931-1935), Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra assistenti (1935-1942), II Dünya müharibəsi zamanı İranda hərbi hospitalın terapevtik şöbəsi­nin müdiri (1942-1945), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu­tunda kafedra müdiri (1947-1979) vəzifələrində çalışmışdır.

Elmi və həkimlik fəaliyyəti parazitologiya problemlərinin həllinə, yəni mal­yariya, visseral leyşmanioz, brüsellyoz, hepatolienal sindrom, ankilo­stomo­doz­lar, bağırsaqların protozoy zədələnmələri kimi xəstəliklərin diaq­nostikasına və müalicəsinə həsr olunmuşdur. İlk dəfə olaraq respublikanın ekoloji faktorları­nın xüsusiyyətlərinin geniş yayılmış xəstəliklərin klinika­sına, patogenezinə təsirini tədqiq etmişdir. O, bu xəstəliklərin tədqiqi üçün müasir funksional, bio­kimyəvi, anatomik və digər tədqiqat üsullarını res­publikanın tibb müəssisələ­rində geniş tətbiq etmişdir. Azərbaycanda tibbi parazitologiya elmi məktəbinin yaradıcılarındandır.

Akademik M.M.Nəsirov SSRİ-də və xaricdə çap olunmuş 250-dən artıq elmi əsərin, o cümlədən 13 monoqrafiyanın müəllifi və həmmüəllifi olmuş­dur. Onun məsləhətçiliyi və rəhbərliyi altında 2 elmlər doktoru və 10 fəl­səfə doktoru dis­sertasiyası müdafiə edilmişdir. Alim SSRİ respublikalarında və bəzi xarici ölkə­lərdə keçirilən elmi konqreslərdə, konfranslarda məruzələr­lə çıxış edərək, elmi ictimaiyyəti Azərbaycan tibb elminin nailiyyətləri ilə tanış etmişdir.

Uzun müddət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Elmi Şura­­­sının üzvü, “Azərbaycan Tibb jurnalı”nın, Böyük Tibbi Ensi­klo­pediyanın və Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyət­lərinin üzvü olmuşdur.

Tibb sahəsindəki xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni, bir sıra medallarla və fəxri fərmanlarla təltif olunmuşdur. Əməkdar elm xadimi fəxri adını almışdır (1960).

Akademik Mirzə Rza Nəsirov 13 iyul 1979-cu ildə Bakıda vəfat etmişdir.

 (1903-1979)