Orucova İzzət Mirzəağa qızı

Orucova İzzət Mirzəağa qızı 1909-cu il sentyabrın 16-da Bakıda anadan ol­muş­dur. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mü­hən­dis-texnologiya fakültəsini bitir­mişdir (1930).

İ.Orucova texnika üzrə fəlsəfə doktoru (1947), elmlər doktoru (1962) elmi dərə­cə­si­ni və professor elmi adını almışdır. Azər­bay­can SSR EA-nın müxbir üzvü (1967), həqiqi üzvü (1972) seçilmişdir.

İ.Orucova 1932-ci ildən 1959-cu ilə ki­mi AzETNİ-də, sonralar onun əsa­sında ya­ra­­dıl­mış AEA Neft-Kimya Prosesləri İnstitu­tun­da (NKPİ) çalışmışdır. O, AEA Aşqarlar Kimyası İnstitutunda labora­toriya müdiri, Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1968-1971) vəzifələrində işləmişdir.

İ.Orucova neft kimyası sahəsində görkəmli alimlərdən, keç­miş Sovet­lər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqar­lar Kimyası İnstitutunun ilk yaradıcılarından biri olmuşdur. İ.Orucovanın fəa­liyyəti əsasən aşqarlar kimyasının inkişafına və daha mükəmməl sürtkü ma­terial­larının yara­dılmasına yönəlmişdi.

Bakı neftindən alınan yağların tədqiqi, emalı prosesi üçün verdiyi tex­no­lo­giyalar, həmçinin müxtəlif mənşəli neftdən alınan yağlarda aşqar­ların tədqiqi, aşqarların fasiləsiz alınma texnologiyalarının işlənməsi və aş­qar kompozisi­yala­rının yaradılması onun elmi fəaliyyətinin əsas istiqamət­lə­ri olmuşdur. O, ölkəmizdə yaradılan bir sıra ilk aşqarların və onların əsasın­da alınan motor yağlarının müəlliflərindəndir.

Aşqarlar Kimyası İnstitutu ilə SSRİ-nin Moskva, Leninqrad, Tolyatti, Perm, Tambov şəhərlərindəki aparıcı elmi mərkəzləri arasında elmi-texniki əlaqələ­rin yaradılmasında onun böyük xidmətləri olmuşdur.

300-ə yaxın elmi əsərin, Azərbaycan dilində orijinal “Neft-kimya” və “Sürtkü yağları” dərsliklərinin, 30-dan çox müəlliflik şəha­dətnamə­sinin müəllifidir.

İ.Orucova Azərbaycan EA-nın neft-kimya və neft emalı üzrə şurasının və Azərbaycan Neft Akademiyasının doktorluq elmi dərəcəsi verən ixti­sas­laşdırıl­mış elmi şurasının üzvü olmuşdur.

İ.Orucova, eyni zamanda, tanınmış ictimai xadim, Azər­bay­­can SSR və ADR Dostluq və Mədəniyyət cəmiyyətinin sədri olmuş, Bakı Şəhər Sovetinə deputat, Respublika Qadınlar Şurasına sədr seçilmişdir.

O, kinoda baş rola çəkilmiş ilk azərbaycanlı qadın idi. Onun iştirakı ilə C.Cabbarlının «Sevil» və «Almaz» əsərlərinə iki film çəkilmişdir.

İ.Orucovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndiril­miş­dir. O, «Lenin», «Qırmızı Əmək Bayrağı» və «Şərəf Nişanı» ordenləri, «Qafqazın mü­dafiəsinə görə», «1941-1945-ci illər Böyük Vətən müha­ri­bə­sində rəşadətli əmə­­yə görə» medalları ilə təltif olunmuş, Əməkdar elm və texnika xadi­mi fəxri adına və Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

Akademik İzzət Orucova 1983-cü ildə Bakıda vəfat etmişdir.

 (1909-1983)