Salayev Sübhi Haşim oğlu

S.Salayev 1927-ci ildə Bakı şəhərində anadan ol­muşdur. 1949-cu ildə Azər­baycan Sənaye İns­titutunun (indiki Azər­baycan Döv­lət Neft və Sənaye Universi­teti) Geoloji-kəşfiyyat fakül­təsini neft və qaz yataqlarının geolo­gi­yası və kəşfiy­yatı ixtisası üzrə bitirmişdir.

S.Salayev 1952-ci ildə fəlsəfə doktoru, 1961-ci ildə geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, professor elmi adını almış, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

S.Salayev 1954-cü ildən Azərbaycan Elmlər Akademiyası (AEA) Geologiya İns­titutunda işləmişdir. 1962-1990-cı illərdə Neft və qaz geo­logiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik etmişdir.

S.Salayev neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azər­baycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zona­larının ayrılması, depressiya zona­larında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezo-kaynozoy çöküntülərin­də yeni neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problem­ləri üzrə fundamental əsərləri neft-qaz geologi­yası elmini zənginləş­dirmişdir. Alim 10 km-ə qədər dərinlikdə yatan horizont­larla bağlı neft və qaz yataqları ax­tarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamət­lərini işləyib ha­zırlamışdır. "Azərbaycanın neft yataqları və perspektivli sahələri xəritəsi"nin, Qafqazın neft-qazlılığına aid bir sıra xəritələrin, "SSRİ-nin cənubunun paleotekto­nik xəritəsi"nin, SSRİ-nin neft­qaz­lılıq xəritələrinin, Azərbaycanın neftli-qazlı vila­yətlərinin palçıq vulkan­ları, SSRİ-nin neftli-qazlı ərazilərinin tektonikası xəritə­ləri­nin müəlliflərindən biri olmuşdur. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli strukturları xəritəsi"nə görə Azərbay­canın Dövlət Mükafatına layiq görülmüşdür.

S.Salayevin rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır.

S.Salayev 350-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi olmuşdur.

S.Salayev Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülmüş­dür. O, "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri, bir çox medallar və Respublika Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilmişdir.

Akademik Sübhi Salayev 1990-cı ildə Bakıda vəfat etmişdir.

 (1927-1990)