Sultanov Əzəl Cəfər oğlu

Ə.Sultanov 1905-ci ildə Şəki şəhərində anadan ol­muşdur. 1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Döv­lət Neft və Sənaye Universiteti) bitirmişdir. O, 1939-cu ildə fəlsəfə dok­to­ru, 1944-cü ildə geo­logiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1945-ci il­də professor elmi adını almış, 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Ə.Sultanov əmək fəaliyyətinə 1930-1934-cü illərdə Zaqafqaziya geoloji tres­tində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsindən başlamışdır. 1934-cü ildə Azər­baycan geoloji bürosunun rəisi təyin olunmuş, 1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olmuşdur. 1939-1945-ci illərdə SSRİ EA Azərbaycan filialının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) baş elmi işçi, 1945-1949-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda direktor, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universi­teti) elm üzrə prorektoru və Çökmə süxurların petroqrafiyası kafed­rasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Rə­ya­sət Heyəti yanında Məhsuldar Qüvvələri Öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifə­lərində işləmişdir.

Ə.Sultanov Azərbaycanın mineral xammallarının və enerji ehtiyatla­rının öyrənilmə­sinə böyük əmək sərf etmişdir. O, litologiya, fasiya və paleo­coğrafiya, çökmə süxurların fiziki-kimyəvi üsullarla öyrənilməsi, çökmə süxurların metallogeniyası laboratoriyala­rını birləşdirən litologiya şöbəsinə rəhbərlik etmişdir. Ə.Sultanovun bütün elmi fəaliy­yəti geologiyanın vacib məsələlərinin həlli, neft və qaz yataqlarının axtarışı və onların proqnoz qiy­mətlərinin verilməsi, həmçinin çökmə və vulkanogen-çökmə yolla əmələ gə­lən qeyri-filiz yataqlarının və tikinti materiallarının öyrənilməsi ilə əla­qədar olmuş­dur. Böyük Qafqazın cənub ətəklərinin təbii sərvətlərinin, xü­susilə Balakən-Zaqatala zonası filiz yataqlarının öyrənilməsində alimin böyük xidmətləri olmuşdur.

Ə.Sultanov çökmə süxurların öyrənilməsində litoloji-geokimyəvi isti­qamətin əsas yaradıcılarından biridir. O, neft-qaz yataqlarının çök­mə və vulkanogen-çökmə süxurlarının və onlarla bağlı olan qeyri-metal faydalı qazıntıların litologiyası üzrə görkəmli alim idi. Çökmə və vulkano­gen-çökmə süxurların, eləcə də paleozoydan tutmuş antropogenə qədər müx­təlif yaşlı çöküntülərin litofasial tərkibinin öyrənil­məsi ilə məşğul ol­muş, onların korrelyasiyası, əmələgəlməsi üzrə tədqiqatlar apar­mış, həmçi­nin onların fasiyasını və paleocoğrafi şəraitlərini müəyyən etmişdir. O, ilk dəfə Azər­baycanın neftli-qazlı məhsuldar qatının əmələ gəlməsinin əsas fasial-tsiklik qanunauyğunluğunu müəyyən etmişdir. Alim litoloqların Azər­baycan mək­tə­bi­nin yaradıcılarından biri olmuşdur. Onun rəhbərliyi və iştira­kilə orta miq­yaslı xəritələr, o cümlədən, litoloji xəritə və faydalı qazıntılar xəritəsi (qeyri-filiz və tikin­ti materialları), Dördüncü dövr çöküntülərinin geoloji-litoloji xəritəsi, Azər­bay­canın qrunt  və təzyiq sularının hidrogeoloji xəritəsi tərtib olunmuşdur.

Ə.Sultanov 300-dən artıq elmi əsərin, o cümlədən bir neçə monoqra­fiya və elmi-kütləvi kitabçanın müəllifidir.

Ə.Sultanov elmi kadrların hazırlanmasında da böyük fəaliyyət göstər­mişdir. Onun rəhbərliyi ilə 20-dən çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır. O, uzun müddət Azərbaycan Dövlət Universitetində və Azər­baycan Neft-Kimya İnsti­tu­tunda (indiki ADNA)  dərs demişdir.

Ə.Sultanov SSRİ EA Yer haqqında Elmlər Bölməsinin çökmə süxurlar komi­tə­si­nin üzvü, Britaniya Krallığı Mineraloji Cəmiyyətinin fəxri üzvü olmuş­dur.

Ə.Sultanov “Qırmızı Əmək Bayrağı” ordeni və bir neçə medalla, Azər­baycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edil­mişdir.

Akademik Əzəl Sultanov 1990-cı ildə Bakıda vəfat etmişdir.

 (1905-1990)