Şahtaxtinski Məhəmmədəmin Həbibulla oğlu

Şahtaxtınski Məhəmmədəmin Həbibul­la oğlu 1932-ci il iyulun 10-da Bakı şə­hərində anadan olmuşdur. 1956-cı ildə Moskva Ener­ge­tika İnstitutunu bitir­mişdir.

1960-cı ildə fizika üzrə fəlsəfə dokto­ru, 1968-ci ildə fizika üzrə elmlər dok­toru elmi də­rəcəsini, 1971-ci ildə isə professor elmi adı­nı almış, 1981-ci ildə AEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

Akademik M.H.Şaxtaxtınskinin bütün əmək fəaliyyəti AMEA Fizika İnstitutu ilə bağlı olmuş, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi, 1968-ci ildə laboratoriya müdiri, 1987-ci ildə isə şöbə müdiri vəzifə­lə­rində çalışmışdır. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Azərbaycan Fizika Cəmiyyətinin prezidenti, Avroasiya Fizika cəmiyyətinin vitse-prezidenti olmuşdur. M.Şaxtaxtınskinin elmi tədqiqatları fizikanın müxtəlif sahələrini əhatə etmiş­dir. O, yarımkeçiricilər, dielektriklər və metal sistemləri kimi mühüm kompozit­lərin mexaniki, istilik, elekrik, elektro- və termolüminessensiya xas­sələri, sərhəd polyarizasiya prosesləri, elektron-ion və relaksasiya proseslərini kompleks təd­qiq etmiş, yeni elmi istiqamətin - kompozisiyalı quruluşlar fizi­ka­sının əsasını qoymuşdur.

Rəhbərliyi altında polimer-pyezoelektrik və polimer-yarımkeçirici ki­mi ni­zamsız sistemlərdə piro-, pyezoelektrik, elektret, varistor, pozistor, pyezore­zistiv, fotoelektrik, fotovoltaik, elektro-fotoxrom və s. effektlərin formalaş­ması mexanizmləri tədqiq edilmiş, polimer pyezo-elektrik kom­po­zitlərdə effektiv elektret yükü və elektret potensiallar fərqinin temperatur və elektrik sahəsinin gərginliyindən asılı olaraq dəyişməsinin mexanizmləri verilmişdir. Kompozit pozistor və varistor materialların alınma metod və texnologiyaları işlənilmiş, kompozit polimer elementlər əsasında elektro­akustik çeviricilər, akustik elek­tronika cihazları, hidro-akustik qəbuledici-verici antennalar, opto-akustik çevi­ricilər, Korotkov ton çeviriciləri, vibro- və seysmoçeviricilər, statik və dinamik təzyiq çeviriciləri işlənib hazırlan­mışdır.

M.Şaxtaxtınski 250-dən artıq elmi məqalənin, 60 ixtiranın müəllifidir. Rəh­bərliyi altında 2 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilmişdir.

M.Şaxtaxtınski Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Akademik Məmmədəmin Şahtaxtinski 2011-ci ildə Bakıda vəfat etmişdir.

(1932-2011)