Şahtaxtinski Həbibulla Baxşəli oğlu

Həbibulla Baxşəli oğlu Şahtaxtınski 1900-cü il sentyabrın 3-də Nax­çıvan maha­lının Şahtaxtı kəndin­də anadan olmuşdur. Azər­bay­can Dövlət Universitetinin Tibb fakül­tə­sini (1926), Azər­bay­can Dövlət Neft Aka­de­miyasının Kimya-texnologiya fakültə­sini (1930) bitirmişdir.

H.Şahtaxtınski 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1949-cu ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1950-ci ildə isə professor elmı adını almışdır. 1967-ci ildə Azər­bay­­can SSR EA-nın həqiqi üzvü seçil­mişdir.

1937-1959-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kafed­ra müdiri, 1959-cu ildən ömrünün sonu­na qədər Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) laboratoriya müdiri işləmişdir.

H.Şahtaxtınskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi mad­də­lərin texnologiyası sahələrini əhatə edir. Alim bir sıra kimyəvi ele­ment­­lərin analizi üçün arsenat-yodometriya üsulu işləyib hazırlamışdır. Bu isə ana­litik kimya elmində yeni bir səhi­fənin açılmasına səbəb olmuşdur. Respublika ərazi­sin­də zəngin yataqları olan mineral xammalın kom­pleks emalı zamanı qiy­mət­li nadir və səpələnmiş elementlərin (qallium, vanadium və s.) səmtli çı­xarılma tex­nologiyasını hazırlamış və praktiki tət­biq üçün tövsiyə etmişdir.

H.Şahtaxtınskinin bilavasitə rəhbər­liyi ilə metallur­giya sobala­rın­dan atmo­sferə buraxılan tullantı qazla­rın­dan qazvari reduksiyaedicilərlə sər­bəst kükür­dün alınma texnolo­giyası işlənib hazır­lanmış və yarımsənaye qurğu­sunda sınaq­­dan keçirilmişdir.

H.Şahtaxtınskinin əldə etdiyi elmi və praktiki nəticələr onun «Miqdari kim­yəvi ana­liz», «Maqne­zium və kalsiumun arse­nat metodu ilə təyini», «Alunitin komp­­leks emalın­dan qalliumun alınması», «Zəylik ya­tağı süxurla­rın­dan alü­mi­nium duz­la­rının alınması» və bir çox başqa əsər­lərində öz əksini tapmışdır. O, 380 elmi əsərin, 7 monoqrafiya və dərsliyin müəllifidir.

H.Şahtaxtınskinin rəhbərliyi ilə 3 elmlər dokto­ru, 35 fəlsəfə doktoru yetiş­dirilmişdir.

H.Şahtaxtınski Əməkdar elm xadimi adı­na layiq görümüş, “Oktyabr İnqilabı” ordeni və medallarla təltif olunmuşdur.

Akademik Həbibulla Şahtaxtinski 1986-cı ildə Bakıda vəfat etmişdir.

(1900-1986)