Şixəlibəyli Ədhəm Şahlarbəy oğlu

Ə.Şıxəlibəyli 1911-ci ildə Şamaxı ra­yo­nu­nun Bicov kəndində anadan olmuş­dur. 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.

Ə.Şıxəlibəyli 1947-ci ildə geologiya-mineralogiya üz­rə fəlsəfə doktoru, 1965-ci ildə geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərə­cə­lərini, professor elmi adını almış, 1968-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­yasının (AEA) müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Ə.Şıxəlibəyli 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. O, AEA-nın Yer haqqında Elmlər Böl­məsi­nin aka­demik-katibinin müavini olmuşdur. Uzun illər institutun Geotek­toni­ka, strati­qrafiya və litologiya şöbəsinə, 1969-1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqla­rının axtarışını aparan Sovet geoloqlar qrupuna başçılıq etmişdir.

Ə.Şıxəlibəyli 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqları­nın Milli Komitəsinin prezidenti olmuşdur.

Ə.Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsi­nin müəssisələrarası tektonik komissiyasının üzvü, BDU-nun Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin elmi-texniki şuralarının üzvü, Azərbaycan Sove­t Ensiklopediyası Redaksiya Şurasının  üzvü, Azərbaycan EA “Xəbərlər” jurnalı Yer Elmləri seriyasının baş redaktorunun müavini olmuşdur.

Ə.Şıxəlibəyli Şərqi Qafqazın qırışıqlıq sisteminin əmələ gəlməsinin mərhələ­lərini müəyyən etmiş, onları struktur zonalara bölmüş və onların yaranmasında şimal-qərbi kembridən­qabaq və şimal-şərqi rifey yarıqlarının rolunun elmi əsaslarını vermişdir. O, şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömül­müş qalxımını aşkar etmiş və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müs­bət struk­turlarının Xəzər dənizinə yaxınlaşdıqca, birləşmə­lərinə səbəb olma­sını əsaslan­dırmışdır. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetal filiz yataqları­nın aşkar edilməsi perspektivliyini sübut etmişdir.

Ə.Şıxəlibəyli müxtəlif beynəlxalq simpozium və toplan­tılarda (Hindistan, Avstriya, Türkiyə, İran, İngiltərə, ABŞ, Moskva və s.) res­pub­likamızın təmsilçisi kimi müasir elmin aktual problemləri üzrə fundamen­tal məruzələrlə çıxış etmişdir.

Ə.Şıxəlibəyli 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəl­lifi və Azərbaycanın geoloji, tektonik, paleotektonik, geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifidir.

Ə.Şıxəlibəyli 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Ədhəm Şıxəlıbəyli 1996-cı ildə Bakıda vəfat etmişdir.

 (1911-1996)