Şirokoqorov İvan İvanoviç

Şirokoqorov İvan İvanoviç 1869-cu il iyulun 15-də Rusiyanın İvanovskaya Vila­yəti, Vladimir rayonu Novoselki kəndində anadan olmuşdur.

İ.Şirokoqorov 1901-ci ildə Estoniya­nın Tartu şəhərindəki İmperator Yuryev Uni­versitetinin Tibb fakültəsini bitirmiş, 1907-ci ildə elmlər doktorluğu dissertasi­yası müdafiə etmiş, 1915-ci ildə professor vəzifəsinə seçilmişdir.

İ.Şirokoqorov 1944-cü ildə SSRİ Tibb Elmləri Akademiyasının ilk həqiqi üzv­lə­rindən biri, 1945-ci ildə Azərbay­can SSR Elmlər Akademiyasının təsisçilərindən ol­muş və onun ilk 15 həqiqi üzvündən biri seçilmişdir.

İ.Şirokoqorov 1918-ci ildə Tiflisdə Zaqafqaziya Universitetində Patoloji anato­miya kafed­rasının müdiri olmuş, 1919-cu ildə Tiflisdən Bakıya köçmüş və burada təşkil olunmuş BDU-nun Tibb fakül­təsinin Patoloji anatomiya kafed­rasını təşkil edərək, ömrünün sonuna qədər bu kafedraya rəhbərlik etmişdir. O, həmçinin BDU-nun Tibb fakültəsinin ilk dekanı təyin edilmiş (1919) və 1927-ci ilə qədər bu vəzi­fədə çalışmış, 1920-1921-ci illərdə BDU-nun rektoru vəzi­fəsini yerinə yetirmişdir. 1924-cü ildə onun yaxından iştirakı ilə Azərbaycan Dövlət Mikrobiologiya və Gigiyena İnstitutu təşkil edilmiş və o, həmin insti­tutun ilk direktoru olmuşdur.

1924-cü ildə İ.İ.Şirokoqorov tərəfindən “Azərbaycan Patoloqlarının Elmi Cəmiy­yəti” təşkil edilmiş və o, bu elmi cəmiyyətə, Azərbaycan SSR Xalq Səhiyyə Komis­sarlığı nəzdində təşkil edilmiş Elmi-Tibbi Şuraya sədr­lik etmişdir (1923-1932).

İ.Şirokoqorov patoloji anatomiya, mikrobiologiya, bakteriologiya, epi­demiolo­giya sahələri üzrə dünyada şöhrət qazanmış, Azərbaycan patoloq­ana­tomlar məktə­binin banisi kimi tanınan görkəmli elm xadimi olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini aterosklerozun etiologiyasında qan təzyi­qinin rolunun öyrənil­məsi, qarın yatalağı, səpkili yatalaq, vəba, malyariya kimi infeksion xəstəliklərin etiopatogenezinin tədqiqi, müxtəlif növ epide­miyaların qarşısının alınması üçün profilaktik tədbirlərin işlənib hazırlan­ma­sı, onların səhiyyə praktikasına tətbiqi təşkil etmişdir. Alimin ilk dəfə 1913-cü ildə Lon­donda Beynəlxalq konqresdə təq­dim etdiyi sinir hüceyrələrində mitoxon­drilər haqqındakı işi dünya tibb ədəbiy­yatına, histologiya üzrə bütün rəhbərliklərə salınmışdır.

İ.Şirokoqorov 100-dən artıq elmi əsərin, çox sayda monoqrafiyaların, kəşf və ix­tiraların, metodik tövsiyələrin, elmi-kütləvi qəzet məqalələrinin müəllifi olmuşdur. İngiltərədə, Fransada, Kanadada, Yaponiyada, Rusiyada və başqa ölkələrdə keçiri­lən konfrans, konqres və simpoziumlarda elmi məru­zə­lərlə çıxışlar etmiş, onun elmi tədqiqat işlərinin nəticələri beynəlxalq miq­yasda yüksək qiymətləndiril­mişdir.

İ.Şirokoqorovun rəhbərliyi altında 60-dan çox elmi iş yerinə yetirilmişdir. On­lardan 34 nəfəri milli kadrlar olmuş, müdafiə edənlərdən 15 nəfəri tibb elmləri dok­toru elmi dərəcəsinə, professor elmi adına layiq görülmüşdür.

İ.Şirokoqorov 1935-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Lenin”, “Şərəf nişanı” ordenləri, çoxsaylı medallarla təltif edilmişdir.

Akademik İvan Şirokoqorov 5 oktyabr 1946-cı ildə Bakı şəhərində vəfat etmiş, Moskvada dəfn olunmuşdur.

(1869-1946)