Tağıyev Şamxal Kərim oğlu

Tağıyev Şamxal Kərim oğlu 1922-ci il martın 15-də Beyləqan rayonunun Şah­sevən kəndində anadan olmuşdur.

Ş.K.Tağıyev Moskva Dövlət Uni­ver­sitetinin Biologiya fakültəsini bitirmişdir (1953). Biologiya elmləri üzrə fəlsəfə doktoru (1956) və elmlər doktoru dissertasiyalarını mü­dafiə etmişdir (1970). Azərbaycan SSR Elm­lər Akademiyasının müxbir üzvü (1976) və həqiqi üzvü seçilmişdir (1989).

Azərbaycan EA-nın A.İ.Qarayev adı­­na Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini (1970-1991), Azərbaycan Elmlər Akademi­ya­sının Biologiya Elm­ləri Bölməsinin aka­de­mik-katibi vəzifəsində (1991-1996) işləmişdir.

Akademik Ş.K.Tağıyevin elmi fəaliyyətinin əsas istiqaməti evolyusi­on fiziologiya sahəsi olmuş, müxtəlif quruluş səviyyəli orqanizmlərdəşərti reflekslərin yaranma­sında sinir sisteminin rolu və beyinin analitik-sintetik fəaliyyətinin mürəkkəbləş­məsi ardıcıllığının mexanizmləri haqqında nəticə­lər əldə olunmasına yönəlmişdir. Ş.K.Tağıyevin Azərbaycanda fizioloji tədqi­qatların prioritet istiqamətlərinin müəy­yən­ləşdirilməsində böyük əməyi olmuşdur. O, Azərbaycan fiziologiya məktəbində o dövrün qabaq­cıl ideyalarından olan fizioloji funksiyaların formalaşmasının evol­yusion və filogenetik aspektlərinin araşdırılması ilə bağlı tədqiqatların respublika­mız­da planlaşdırılması və icrasının ilk nümayəndələrindən biri olmuşdur.

Ş.K.Tağıyevin təkamül fiziologiyası sahəsinə aid tədqiqatları beyinin analitik-sintetik fəaliyyətinin öyrənilməsi ilə bilavasitə paralel aparılmış və bu təqiqatlada o, birtipli və müxtəlifformalı şərti reflekslərin yaran­masında sinir sisteminin filo­genezdə rolunu və onurğalıların filogenetik sı­ra­larında beyinin analitik-sintetik fəaliyyətinin mürəkkəbləşməsi ardıcıllığını açıb göstərmişdir. Onun eyni zamanda heyvanların bətndaxili ontogenezini əhatə edən tədqiqatları fizioloqlar üçün böyük maraq doğurur. Bu tədqiqatlarda orqanizmin inkişafının müxtəlif yaş mərhələlərin­də mərkəzi sinir sisteminin və ürək-damar fəaliyyətinin formalaşması dinamikası izlənilmişdir. Onlarda sinir sisteminin formalaşmasının yaş xüsusiyyətləri və ayrı-ayrı beyin nahiyələ­rinin funksional fəallaşma dinamikasının izlənməsi alimin əldə etdiyi ən görkəmli nəticələrdən hesab edilə bilər. Bu embrional inkişafda alim müxtəlif yaş dövrlərində oksigen çatışmazlığının və az hərəkətliliyin bədən üzvləri sistemi­nin formalaşmasına təsirini öyrənmişdir.

Akademik Ş.K.Tağıyev 127 elmi əsərin, 3 monoqrafiyanın müəllifi olmuşdur.

Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru dissertasiyası hazırlanmış və müdafiə edilmişdir.

Akademik Ş.K.Tağıyev elmi fəaliyyəti ilə bərabər ictimai işlərdə də fəal iştirak etmişdir. O, uzun müddət insan və heyvan fiziologiyası üzrə İxtisas­laş­dı­rılmış Müdafiə Şurasının sədri, fizioloji tədqiqatlar üzrə Koordinasiya Şurasının sədri və Azərbaycan Fizioloqlar Cəmiyyətinin prezidenti olmuşdur. Keçmiş SSRİ EA-nın “Evolyusion fiziolo­giya və biokimya”, “Azərbaycan EA-nın xəbərləri” (biologiya elmləri seriyası) jurnalla­rının redaksiya heyətinin üzvü olmuşdur.

Ş.K.Tağıyev Əməkdar elm xadimi fəxri adına, alim və ictimai xa­dim kimi bir sıra hökümət mükafatlarına və fəxri fərmanlara layiq görülmüşdür. O, Böyük Vətən müharibəsi iştirakçısı olmuş və çox sayda orden və medal­larla təltif edilmişdir.

Akademik Şamxal Tağıyev 2007-ci il avqustun 4-də Bakıda vəfat etmişdir.

 (1922-2007)