Topçubaşov Mustafa Ağabəy oğlu

Topçubaşov Mustafa Ağabəy oğlu 1895-ci il avqustun 5-də Qərbi Azərbay­canın İrəvan şəhəri Göykünbət kəndində anadan olmuşdur. Kiyev Universi­tetinin Tibb fakül­təsini bitirmişdir (1919).

M.Topçubaşov 1926-cı ildə Almani­ya­da elmi ezamiyyətdə olmuş, 1930-cu ildə elmlər doktorluğu dissertasiyası müdafiə et­miş, professor elmi adına layiq görülmüşdür.

Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 təsisçisi arasında həqiqi üzvü (1945), SSRİ Tibb Elm­ləri Akademiyasının müxbir üzvü (1949), həqiqi üzvü (1960), Bolqa­rıstan Elmlər Akademiyasının müxbir üzvü (1951) seçilmişdir.

M.Topçubaşov ATİ-nin Fakültativ cərrahiyyə kafedrasının müdiri (1931-1981), Azərbaycan Eksperimental Təbabət İnstitutunun direktoru (1947-1949), Azərbay­can SSR EA-nın vitse-prezidenti (1951-1956, 1969-1981) olmuşdur.

M.Topçubaşov tibb elminin, xüsusilə də Azərbaycan cərrahiyyəsinin beynəl­xalq miqyasda təmsil olunmasındakı əvəzsiz xidmətləri olan gör­kəmli alim kimi tanınır. Onun elmi fəaliyyətinin əsas istiqamətini malyariya splenomeqa­liya­larının patogenezi, klinikası və cərrahi müalicəsinin işlənib hazırlanması, sürəkli analgeziya ilə amneziya halının tətbiq edilməsi, kəllə sümükləri qüsur­ları zamanı kranioplastikanın tətbiqi, orqanizmdə yad cisim­lərin lokalizasi­yasını müəyyənləşdirmək və çıxarmaq üsullarının tex­nolo­gi­yaları, neyrocərra­hiy­yə, travmatologiya, urologiya sahələrində bir sıra üsulların işlənib hazırlan­ması, qaraciyər və öd yolları cərrahi problemlərinin kompleks şəkildə öyrənil­məsi, antetorakal ezofaqoplastika, süni anusyarat­ma əməliyyatlarının, qabır­ğa­altı sahələrdə yerləşən orqanlara operativ yol açma üsullarının – abdomino­diafraqmal kəsiyin işlənib hazırlanması və s. təşkil etmişdir. M.Topçubaşov 200-dən artıq elmi əsərin, o cümlədən 5 cild­lik «Xüsusi cərrahiyyə» kitabının, 7 mono­qrafiyanın, kəşf və ixtiraların müəllifi olmuşdur. Onun məsləhəti və rəh­bər­liyi altında 8 elmlər doktorluğu və 16 fəlsəfə doktoru dissertasiyası müdafiə edil­mişdir. Görkəmli alim çox sayda beynəl­xalq qurultay, simpozium, konfrans və konqreslərdə çıxışlar etmiş, xarici mətbuatda müəl­lifini şöhrətləndirən elmi məqalələr dərc etdirmişdir. O, Respublika Ali Sovetinə deputat seçilmiş, Azər­baycan SSR Ali Sovetinin sədri (1955-1959, 1967-1971), Ümumittifaq Sülhü Müdafiə Komitəsinin üzvü, Respublika Sülhü Müdafiə Komitəsinin sədri, Asiya və Afrika ölkələri xalqları ilə həmrəylik komitəsinin üzvü, «Böyük Tibb Ensi­klopediyası»nın baş redaksiya heyəti­nin üzvü olmuşdur.

M.Topçubaşov 1964-cü ildə SSRİ TEA-nın A.Vişnevski adına müka­fa­tına layiq görülmüşdür. O, «Sosialist Əməyi Qəhrəmanı» fəxri adına, 4 dəfə «Lenin», «Qırmızı Əmək Bayrağı», «Qırmızı Ulduz» ordenlərinə və b. fəxri nişan və fərmanlara layiq görülmüş, Bolqarıstan Xalq Respublikasının I dərəcəli “Kiril və Mefodi” medalı ilə, «Qafqazın Müdafiəsinə görə me­dalı», «Almaniya üzərində qələbə» medalları ilə təltif edilmişdir. ATU-da alimin muzeyi təşkil edilmiş, Bakının küçələrindən birinə onun adı verilmişdir.

Akademik Mustafa Topçubaşov 1981-ci il noyabr ayının 20-də vəfat etmiş, Bakıda Fəxri Xiya­banda dəfn olunmuşdur.

(1895-1981)