Tutayuq Validə Xasbulat qızı

Tutayuq Validə Xasbulat qızı 1914-cü il sentyabrın 23-də Şuşa şəhərində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik fakültəsini bitirmişdir (1934). V.Tutayuq fəlsəfə doktoru (1939), elmlər doktorluğu (1949) disserta­si­ya­larını müdafiə etmişdir. Azərbaycan SSR EA-nın müxbir üzvü (1958) və həqiqi üzvü (1969) seçilmişdir.

V.Tutayuq Azərbaycan Kənd Təsərrü­fa­tı İnstitutunun Botanika kafedrasının mü­diri (1939-1957), elmi işlər üzrə direktor müa­vini (1954-1957), AEA L.Komarov adına Botanika İnstitutunun direk­toru (1957-1962) vəzifələrində çalışmış, labora­to­ri­yaya rəhbərlik etmiş (1958-1974), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika və selek­siya kafedrasının müdiri (1962-1980) olmuşdur.

V.Tutayuqun elmi fəaliyyətinin ən məhsuldar vaxtı 1957-1962-ci illər­də AEA Botanika İnstitutuna rəhbərlik etdiyi dövrdə olmuşdur. ”Azərbaycan florası”nın      7-ci və 8-cı cildləri çap edilmiş və bu nəşr 3 il müddətinə ta­mam­lanmışdır. Bununla yanaşı digər alimlərlə birlikdə “Azərbaycanın ağac və kolları” ikicildliyini çap et­dirmiş, “Qafqazın dendrologiyası” çoxcildliyinin 5-ci və 6-cı cildlərini yazan müəllif­lərdən biri olmuşdur. V.Tutayuq biologiya elminin inkişafı tarixində böyük xidmət­ləri olan çoxprofilli biliyə malik alim oımuşdur. O, anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoymuşdur. V.Tutayuqun elmi fəaliyyəti əsas etibarilə iki istiqamətdə: geniş profilli morfoloq, dendroloq və bə­zək bağçılığı, yaşıllaşdırma sahəsində getmişdir. Onun müxtəlif örtü­lütoxumlularda çiçəyin nor­mal və qeyri-normal quruluşunu öyrənmək sahə­sin­də tədqiqatların nəticəsi olan “Çoxləçəkli çi­çək­lərin quruluşu” monoqrafiyası (1960) çiçəyin mənşəyinin öyrənil­mə­sin­də bir sıra prinsipal nəzəri məsələlərin aydınlaşdırılması mühüm rol oyna­mışdır. Bu tədqiqatların nəzəri əhəmiyyəti ilə ya­naşı mühüm təcrübi əhəmiy­yəti də vardır. Çoxləçəkliliyin əmələ gəlməsi qanunauy­ğun­luqlarını bilmək seleksiya və bəzən bağçılıqda yeni çoxləçəkli çiçək formalarının alınmasına imkan verir. Bu sahədə aparılan tədqiqatların nəzəri təhlili “Örtülüto­xum­­luların mənşəyinə dair” (1965) və “Çiçəyin teratologiyası” (1969) monoqra­fi­ya­larında öz əksini tapmışdır. Onun “Bitki anatomiyası və morfologiyası” (1958; 1967), “Bitki anatomiyası və fiziologiyası” (1960) dərs vəsaitlərindən indi də ali məktəblərdə istifadə edilir.

V.Tutayuq dendrologiya sahəsində apardığı tədqiqatlarla Talışın Üçün­cü dövrə aid qədim relikt ağaclarının Dördüncü dövrün şəraitinə uyğunlaşması yollarını morfoloji-anatomik, karioloji tədqiqatları ilə elmi şəkildə sübut etmişdir. Eyni zamanda bu ağacların quru-subtropik Abşeron şəraitində də yaxşı inkişaf edəcəyini göstərmişdir. V.Tutayuqun rəhbərliyi ilə respubli­kanın otlaqları geobotaniki baxımdan öyrənilmiş, geobotaniki xəritələr, aqrokimyəvi karto­qramlar tərtib edilmişdir.

V.Tutayuq 130 elmi əsərin, o cümlədən 6 monoqrafiyanın və 4 dərs­liyin müəl­lifidir.

Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə və 3 elmlər dok­toru hazırlanmışdır.

V.Tutayuq dəfələrlə Gəncə və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin deputatı, Azərbaycan KP-nın 4 qurultayının nümayəndəsi və XXI, XXII qurultayda Azərbay­can KP MK-nin üzvü seçilmişdir.

O, “Şərəf nişanı” ordeni (1943), “1941-1945-ci illərdə Böyük Vətən Müharibə­sin­də fədakar əməyə görə” medalı (1945), SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə “B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə” yubiley medalı (1955), Respub­likanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla (1960) təltif edilmiş, Əməkdar elm xadimi adına (1974) layiq görülmüşdür.

Akademik Validə Tutayuq 12 noyabr 1980-ci ildə Bakıda vəfat etmişdir.

(1914-1980)