Vəkilov Səməd Vurğun Yusif oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın həqiqi üzvü Səməd Vurğun Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax qəza­sının Yu­xa­rı Salahlı kəndində anadan olmuşdur.

Qazax seminariyasını bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncə mək­təb­lə­rin­də müəl­limlik etmiş (1924-1929), Moskvada II Döv­lət Univer­sitetinin Ədəbiyyat fakül­tə­sində təh­sil almış (1929-1931), Azərbaycan Pedaqoji İnstitu­tunu bitir­dik­dən son­ra aspiranturaya daxil olmuşdur. Azərbaycan Ya­zıçılarının I Qurul­tayında ittifaqın məsul ka­ti­bi seçilmişdir (1934).

Azərbaycan ədəbiyyatı tarixində böyük şair və dramaturq kimi şöhrət qazan­mış S.Vurğun ədəbi-nəzəri fikir tarixində də özü­nəməxsus möv­qeyə malikdir. Onun 6 cild­lik «Əsərləri»nin son 2 cildi ədəbi-tənqidi və el­mi-nəzəri məqalə və çıxışlarından ibarətdir. Səməd Vurğunun bu zəngin irsi, ümu­miy­yət­lə, XX əsr ədəbi və ictimai fikrimizin mühüm tər­kib hissəsi olub və bu sahədə isti­qa­mət­ve­ri­ci rol oynayıb. Buna görədir ki, Azərbaycan Elm­lər Akademiyası təsis edilərkən (1945) onun ilk həqiqi üzvü seçilmiş gör­kəmli ziya­lı­lar­dan biri S.Vurğun olmuş­dur. O, Azərbaycan Yazıçılar İttifa­qının sədri olmuşdur (1941-1948).

Böyük zəka sahibi, filosof şair S.Vur­ğu­nun Azərbaycan və keçmiş SSRİ yazıçıla­rının qurultaylarında, elmi konfrans­lar­da, klassik­lə­rin yubiley­lərində etdiyi məru­zə və çıxışları, bir sıra məqalə və resenziyaları öz elmi sanbalı ilə fərqlənir. Şairin bədii ya­ra­dı­cılıqda real həyat və romantika, müa­sirlik və tarixilik, forma və məz­mun, satira və yu­mor, lirika və epik poeziya, dil və üslub, eləcə də bədii tənqid və çağdaş ədəbi proses kimi prob­lemlər ətrafında əsaslandırılmış mü­la­hi­zə­lərinin əksəriyyəti bu gün də öz elmi ak­tual­lı­ğını qoruyub saxlamaqdadır.

S.Vurğun böyük ədəbiyyatın və­zi­fə­sini milli və bəşəri ideallarda görür və özü­nün ədəbi-nəzəri məqalələrində, məruzə və çı­xış­larında bu möv­qedə daya­nırdı. Proqram xa­rakterli «Böyük sənət uğrunda», «Şairin hüquqları» məqalə­lərində, həmçinin SSRİ Ya­zı­çılarının I Qurultayında etdiyi «Sovet poe­zi­ya­sı haq­qında» məruzəsində o, məsələləri nə­zə­ri cəhətdən ümumiləş­di­rir və öz estetik gö­rüş­lərini ifadə edirdi. Təkcə ədəbiyyatşünaslıq sa­həsində deyil, tarix, fəlsəfə, estetika, psi­xo­lo­giya, dil sahələrində də dərin bilik və özünəməxsus qənaətlər sahibi olduğu üçün 1954-cü ildə Elmlər Aka­de­mi­ya­sının ictimai elmlər üzrə vit­se-prezidenti se­çil­mişdi.

O, iki dəfə Lenin ordeni, iki dəfə «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir. 2 dəfə Stalin mükafatı laureatı,  iki dəfə SSRİ Döv­lət Mükafatı laureatı olmuşdur (1941, 1942).

Dahi şairin adı əbədiləşdirilərək Bakı şəhərinin mərkəzi küçələrindən birinə verilmişdir. Rus Dövlət Dram Teatrı S.Vurğunun adını daşıyır. Şairin adını daşı­yan bağda əzəmətli heykəli ucaldılmışdır. 1974-cü ildən Bakıda S.Vurğunun Ev Muzeyi fəaliyyət göstərir.

S.Vurğun Azərbycanın ilk Xalq şairi olmuşdur.

Akademik Səməd Vurğun Vəkilov 27 may 1956-cı ildə Bakıda vəfat etmiş, Fəxri Xiy­a­ban­da dəfn olunmuşdur.

(1906-1956)