Məmmədəliyev Vasim Məmmədəli oğlu

V.Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olmuşdur. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1967-ci illərdə Azərbaycan Dillər Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına daxil olmuş, Tbilisiyə ezam edilərək aspiranturanı dünya şöhrətli şərqşünas alim, akademik G.V.Seretelinin rəhbərliyi altında bitirmişdir. O, 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olmuşdur.
1978-ci ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir.

Akademik Vasim Məmmədəliyev bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr etmişdir. O, Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarından idi. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunmuşdur. 

Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etmiş, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənmişdir. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh etmişdir. V.Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlətmiş və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut etmişdir.

Şərqşünas alim İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

Onun ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 41 kitabı nəşr olunmuşdu.

Alim elm və xalq qarşısındakı böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdü.

Böyük alim V.Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etmişdi.

Onun yüksəkixtisaslı kadrların hazırlanmasında ciddi xidmətləri vardır. Akademikin rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanmışdır. 

Akademik Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də 77 yaşında vəfat edib.

(1942-2019)