Aleksandrov Anatoliy Petroviç (1903-1994)

 

Aleksandrov Anatoli Petroviç 1903-cü il martın 12-də Taraşi şəhərində (Ukrayna) ana­dan olmuşdur. 1930-cu ildə Kiyev Dövlət Uni­versitetini bitirərək SSRİ EA Fizika-Tex­nika İnstitutunda işə başlamışdır. 1943-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1953-cü ildə həqi­qi üzvü seçilmişdir.

1941-1945-ci illərdə akademik İ.Kurça­tov­la birgə SSRİ EA-nın 2 saylı labo­ratori­ya­sında gəmilərin minalardan müdafiəsi məsə­lə­ləri və atom silahlarının yaradılması ilə məşğul olmuş, bir müddət sonra həmin laboratoriyanın bazasın­da İ.Kurçatov adına Atom Enerjisi İnstitutu yaradıl­mışdır.

SSRİ EA Fizika Problemləri İnstitutunun direktoru (1946-1955) vəzi­fəsində işləmişdir.      

1946-cı ildən nüvə reaktorlarının yaradılması və atom enerjisindən istifadə sahəsinin inkişafında fəal iştirak etmiş, 1955-ci ildən Atom Enerjisi İnstitutu­nun elmi işlər üzrə direktor müavini, İ.Kurçatovun ölümündən sonra 1960-cı ildən həmin institutun direktoru, SSRİ EA-nın prezidenti (1975-1986) olmuşdur.

A.Aleksandrovun rəhbərliyi ilə olduqca qısa müddətdə nüvə qurgusu ilə iş­lə­yən atom sualtı gəmisinin layihəsi verilmiş, onların kütləvi istehsalı başla­mışdır (1952-1972). Onun təşəbbüsu və iştirakı ilə “Lenin”, “Arktika”, “Sibir” atom buz­qıran gəmiləri üçün energetik qurğular yaradılmışdır. Nəti­cədə Sevmaş müəssi­sə­sində 163 hərbi sualtı atom qəmisi istehsal edilmiş, 1970-ci ildən isə həmin müəssisə “Akula”, “Tayfun” tipli atom sualtı gəmi­lə­rini buraxmış və Ginnesin rekordlar kitabına daxil olan ən böyük gəmini istehsal etmişdir. 1960-cı illərdə A.Aleksandrovun rəhbərliyi ilə Kurçatov adı­na Atom Energetikası İnstitutunda SSRİ-də ən böyük maye helium qur­ğusu hazırlanıb işə salınmışdır.

Macarıstan EA-nın, İsveç Kral Mühəndislik Akademiyasının və b. aka­demi­yaların fəxri üzvü seçilmişdir. 3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1954, 1960, 1973), 4 dəfə SSRİ Dövlət (Stalin) Mükafatı laureatı (1942, 1949, 1951, 1953), Lenin Mükafatı laureatı (1959) olmuş, 7 dəfə “Lenin” ordeni, “Oktyabr inqilabı”, “Vətən müharibəsi” və başqa ordenlərlə təltif olunmuşdur. 1968-ci ildə İ.Kur­çatov adına qızıl, 1978-ci ildə M.V.Lo­mo­nosov adına Böyük qızıl və 1978-ci ildə S.Vavilov adına qızıl medallara layıq görülmüşdür.

2002-ci ildə Rusiya Elmlər Akademiyası tərəfindən A.P.Aleksandrov adına qızıl medal təsis edilmişdir.

A.Aleksandrov 1980-ci il martın 20-də Azərbaycan EA-nın fəxri (xarici) üzvü seçil­mişdir.

A.P.Aleksandrov 3 fevral 1994-cü ildə vəfat edib.