Xain Viktor Efimoviç (1914-2009)

V.Xain 1914-cü ildə Bakıda anadan ol­muşdur. 1935-ci ildə Azərbaycan Neft İns­ti­tu­tunun (in­diki ADNSU) Mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir.

V.Xain 1940-cı ildə geologiya-minera­logiya üz­rə fəlsəfə doktoru, 1947-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərə­cələrini almış, 1966-cı ildə SSRİ EA-nın müxbir üzvü, 1987-ci ildə isə həqiqi üzvü se­çilmişdir.

V.Xain əmək fəaliy­yə­tinə 1938-ci ildə “Az­neft­kəşfiyyat” Birli­yin­də başlamış­dır. 1938-1941-ci illərdə Azər­baycan Elmi Tədqiqat Neft İnstitutunda  işlə­miş­dir.

V.Xain 1941-ci ildə ordu sıralarına çağırılmış və 1945-ci ilə qədər Bakıda  hava hücumundan müdafiə polkunda qulluq etmişdir. 1945-ci ildən Azərbay­can EA-nın Geologiya İnstitutunda böyük elmi işçi, Regional geo­logiya şöbəsi­nin rəhbəri vəzifələrində işləmiş, eyni zamanda Azərbaycan Sənaye İnstitutun­da mü­hazirə­lər oxumuşdur. 1949-cu ildə Azərbaycan Sə­naye İnstitutunun Neft-qaz kafedra­sı­nın professoru vəzifəsində işləmişdir. 1954-cü ildə Bakıdan Moskvaya köçmüş və Moskva Dövlət Universi­tetində işlərini davam etdirərək Geolo­giya fakültə­sin­də Dinamik geologiya kafedrasının professoru olmuşdur.  O, SSRİ EA Geologiya və Litosfera İnsti­tut­larında baş elmi işçi vəzifəsində çalışmışdır.

V.Xain tektonika sahəsində görkəmli alim idi. Onun redaktorluğu ilə “Azərbay­canın geologiyası” adlı monoqrafiya, Azərbaycanın geoloji və tektonik xəritələri nəşr edilmişdir. Yer qabığının  tektonik hərəkətlərinin və əsas struktur elementlə­rinin təsnifatını vermiş, geosinklinal proseslərin ümu­mi qanunauyğunlarını dəqiq­ləşdirmiş və yer qabığı təkamülünün əsas mər­hələlərinin problemini tədqiq etmiş­dir. Geniş diapazonda işlər aparmışdır. İlk dəfə olaraq kontinentlərin və okeanların tektonik quruluşunu sistemləş­dir­mişdir, neft-qaz hövzələri haqqında nəzəriyyənin banislərindən­dir. Akva­toriyaların neft-qazlılığının qlobal qanunauyğunluğunu və potensial  ehtiyat­larını tədqiq  etmişdir.

V.Xainin xidmətləri SSRİ və Rusiya hökumətləri tərəfindən yüksək qiymət­lən­dirilmişdir: O, SSRİ Dövlət Mükafatına (1987), SSRİ EA-nın Karpinski adına qızıl medalına (1992), Birinci dərəcəli M.Lomonosov adına mükafata (1993) və Rusiyanın Dövlət Mükafatına (1995) layiq görül­müş­dür. O, Belçika Kral Elmlər Akademiyasının P.Furmare adına qızıl medalı, Almaniya Geologiya Cəmiyyəti­nin Şteymann medalı və Fransa Geologiya Cəmiyyətinin Prestviç medalı ilə təltif edilmişdir. V.Xain çoxsaylı Beynəl­xalq universitetlərin və akademiyaların həqiqi və fəxri üzvü seçilmişdir: Pyer və Mari Küri adına Paris Universiteti (fəxri üzvü), Avropa EA həqiqi üzvü, Nyu-York Akademiyasının üzvü,  Fransa, London, Bolqarıstan və ABŞ Geoloji Cəmiyyətlərin fəxri üzvü olmuşdur. 

V.Xain “Vulkan püskürmələri paylanmasının məkan - zaman qanuna­uy­ğun­luğu” kəşfinin müəlliflərindən idi (Beynəlxalq diplom № 239, 2003).

V.Xain 1000-dən artıq elmi əsərin, o cümlədən 60 fundamental monoqrafi­ya­nın  müəllifi olmuşdur.

Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri üzvü seçilmişdir.

Viktor Yefimoviç Xain 24 dekabr 2009-cu ildə 95 yaşında vəfat etmişdir.