Millionşikov Mixail Dmitriyeviç (1913-1973)

Mixail Dmitriyeviç Millionşikov 1913-cü il yanvarın 16-da Qroznı şəhərində anadan olmuşdur. Qroznı Neft İnstitutunu bitirmişdir (1932). SSRİ EA-nın müx­bir üzvü (1953), həqiqi üzvü (1962) seçilmişdir.

Moskva Aviasiya İnstitutunda aspirant, assistent, dosent, böyük mühəndis (1934-1943), SSRİ EA Mexanika İnstitutunun direktor müa­vini (1945-1949), İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda sektor müdiri, şöbə müdiri, direktor müavini (1949-1962) vəzifələrində çalışmışdır. 1949-cu ildə Moskva Mühəndis-Fizika İnstitutunda izotopların bölünməsi kafedrasını (indi Molekul­yar fizika kafedrası) yaratmış və ona rəhbərlik etmişdir. SSRİ EA Rəyasət Hey­ətinin Fizika-Texnika və Riyaziyyat Seksiyasının Sədri, Energetikanın Fiziki-Texniki Problemləri Bölməsinin akade­mik-katibi, SSRİ EA-nın vitse-prezidenti (1962) olmuşdur. 

M.Millionşikov aero və hidrodinamika, nüvə fizikası və energetikası sahə­sində görkəmli alimdir. İzotrop turbulentlik nəzəriyyəsini inkişaf etdir­miş, turbulent pulsasiyaların sönməsi qanununu formulə etmişdir. Bu işlərində tur­bulentlik nəzəriyyəsi məsələlərini həll etmək üçün ilk dəfə olaraq müasir ehti­mal nəzəriyyəsi aparatından istifadə etmiş, sınaq təcrübələrində təsdiq olun­muş və geniş tətbiqini tapmış nəticələr əldə etmişdir. Borularda axınların tur­bu­lentliyi nəzəriyyəsini yaratmışdır.

Neft quyularının sulanma konusu nəzəriyyəsini formulə etmişdir; qu­yu­ların adi susuz istismar şəraitini ötən debitdə neftin azalması qanununu for­mulə et­mişdir; quyuların neftin zəhərli emulsiyalarının yaranması hallarının baş ver­mədiyi praktik istismar üsulunu vermişdir; neft və qaz qarışığının hərəkət nəzəriyyəsini inkişaf etdirmişdir; qaz ejektorunun qapanması hadisə­sini aşkar və izah etmişdir; qaz kəmərlərində təbii qazın izafi təzyiqinin elektrik enerjisi­nin alınmasında istifadəsi texnologiyasını işləmişdir; perfo­ra­si­ya olunmuş bo­ruda mayenin filtrasiyası məsələsini həll etmişdir.

Silah uranının alınması üçün qaz sentrifuqalarının konstruksiyalarını işlə­miş­dir. Enerjinin maqnithidrodinamik çevrilməsi nəzəriyyəsini inkişaf etdir­miş, ilk nüvə reaktor-çeviricini-“Romaşka”nı yaratmışdır. Raketqayır­manın təməlini qoyanlardan biridir, aşağı və yüksəktemperaturlu plazmanın xassələ­rinin tədqiqinə mühüm töhfələr vermişdir.

“Atom enerjisi” (1961-1973), “Vestnik AN SSSR” (1966-1973) jurnal­la­rının baş redaktoru, SSRİ EA Redaksiya-nəşriyyat Şurasının sədri olmuşdur.

M.Millionşikov Sosialist Əməyi Qəhrəmanı (1967), Lenin Mükafatı (1961),  2 dəfə SSRİ Dövlət Mükafatı (1951, 1954) Laureatı olmuşdurr.

M.Millionşikov 1945-ci ildə Azərbaycan EA-nın fəxri (xarici) üzvü seçilmişdir.