Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş fəxri üzvlər

Doğramacı İhsan (1915-2010)

Türk Dünyasının şöhrətli alimi, səhiyyə və təhsil qurucusu professor İhsan Doğra­macı 1915-ci il aprelin 3-də İraqın Ərbil şəhərində anadan olmuşdur.

İstanbul Universitetinin Tibb fakültə­sini bitirdikdən sonra (1938) assistent vəzifə­sində əmək fəaliyyətinə başlamış, Harvard Univer­si­tetində pediatriya üz­rə təhsilini ta­mam­lamış və Türkiyənin Ankara Nümunə Xəstəxana­sında çalış­mış (1947), Ankara Universitetinin professoru (1954) elmi adına layiq görül­müşdür.

İ.Doğramacı Almaniyadakı Leopoldina Naturforit Elmlər Akade­miyasının, ABŞ-dakı Pediatrlar Akademiyasının, Hindistan Milli Tibb Akademiyasının, İngiltərədəki Krallıq Tibb Kollecinin həqiqi üzvü, Paris Milli Akademiyasının müxbir üzvü olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının (2005) və dünyanın 25-ə qədər ölkəsinin, o cümlədən ABŞ, Argentina, Almaniya, Fransa, İngiltərə, İspaniya, İsveç, Avstriya, Bolqa­rıstan, Finlandiya, Meksika, Polşa, Tunis ölkələrinin Milli Pediatrlar Assosiasiyasının, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının fəxri üzvü və doktoru olmuşdur.

İ.Doğramacı 25 il Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri vəzifə­sində çalışmış, Türkdilli ölkələr üzrə region qurumlarını yaratmış, Uşaq Sağlam­lıq İnstitutunun, Hacəttəpə Universitetinin Hacəttəpə Tibb və Səhiyyə Elmləri fa­kül­təsinin yaradılmasında müstəsna xidmətlər göstərmiş, Ankara Universite­tinin rektoru (1963-1965), Orta Doğu Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttəpə Universitetinin rektoru (1967-1975), Paris Universite­tində Pediatriya professoru vəzifəsinə (1975) seçilmişdir. O, Avropa Rektorlar Konfransı idarə heyətinin üzvü (1964-1973), 1981-ci il­dən ömrünün sonuna qədər Millətlərarası Beynəlxalq Ali Təhsil Konfransın­da idarə heyətinin üzvü, sədri və fəxri sədri vəzifələrində çalışmışdır.

İ.Doğramacı Ümumdünya Sağlamlıq Cəmiyyəti sədrinin müavini seçilmişdir (1976-1981). Ümumdünya Səhiyyə Təşkilatı 1985-ci ildə “İhsan Doğ­ramacı ailə sağlamlığı mükafatı” təsis etmiş və bu mükafat hər üç ildən bir müvafiq ün­vanlara təqdim olunur.

İhsan Doğramacının tibb təhsili, xüsusilə də uşaq və xalq sağlamlığı prob­lem­lərinə həsr olunmuş 100-ə yaxın elmi əsəri müxtəlif ölkələrdə çap olunmuş­dur. Onun “Yenidoğulmuşlara qulluq” adlı əsəri 14 dəfə nəşr edilmiş, “Ananın kitabı” əsəri isə müxtəlif dillərə tərcümə olunmuşdur. Alim elmi məktəb yarat­mışdır və onun yetirmələri dünya ölkələrində səhiyyə sahəsində uğurla çalışırlar.

İ.Doğramacı Filadelfiyanın “Kliniki pediatriya”, ABŞ-ın “Beynəlxalq uşaq sağlam­lığı”, Türkiyədə çap olunan “Pediatriya” jurnallarının redaktoru olmuşdur.

İ.Doğramacı dünyanın 200-dən çox beynəlxalq mükafatı və ordeni, həmçi­nin Azərbaycanın «İstiqlal» ordeni (2000) və «Heydər Əliyev» ordeni (2005) ilə təltif olunmuşdur.

Bakıda (1995, 2000, 2005) respublika səviyyəsində İhsan Doğrama­cının yubileyləri keçirilmişdir.

İ.Doğramacı 2010-cu il fevralın 25-də Ankarada vəfat etmişdir.