Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş fəxri üzvlər

Komarov Vladimir Leontyeviç (1869-1945)

Akademik Vladimir Leontyeviç Koma­rov 13 oktyabr 1869-cu ildə Peterburqda (in­diki Sankt-Peterburq) hərbçi ailəsində anadan olmuşdur. Peterburq Universite­tinin Fizika-riyaziyyat fakültəsinin Təbiət tarixi bölməsini bitirmişdir (1894).

V.L.Komarov botanika ixtisası üzrə ma­gistr (1902), elmlər doktorluğu elmi də­rə­­cəsini (1911) almış, Peterburq Universiteti və başqa ali məktəblərdə tədris işi aparmışdır (1903-1906). Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1914), həqi­qi üzvü (1920), vitse-prezidenti (1930-1936), SSRİ Elmlər Akademiyasının prezi­denti (1936-1945) seçilmişdir.

V.L.Komarov botanika elminin sistematika, floristika, filogeniya, bit­ki coğra­fiyası və s. sahələrində bir çox elmi yeniliklər etmişdir. Asiya qitə­sinin bütün­lüklə Rusiya hissəsi, Monqolustan və Çinin bitkiliyini, sistematik tərkibini ətraflı öyrənmişdir. Uzaq Şərqin bir çox vilayətlərindən başqa, Sayana və Baykalətrafını, daha sonra bütün Sibiri və Yakutiyanın geniş ərazilərini xarakterizə etmişdir. Ümu­mən Uzaq Şərqə aid 222 növ onun tərəfindən təsvir edilmiş, bioloji xüsu­siyyətləri göstərilmişdir. V.L.Komarov bitkilər aləminin təkamülünə, coğrafi yayıl­masına, filogenetik sisteminin qurulmasına aid nəzəri fikirlər irəli sürmüş, flora və bitki örtüyünün meri­dio­nal zonallığı, filogenetik sıralar haqqında yeni nəzəriyyələr yaratmışdır.

V.L.Komarov elmin, xüsusilə botanika elminin görkəmli tarixçisi idi. O, bitki sistematikasının əsasını qoymuş K.Linney, I.-B.Lamark, bitki fiziologiyası sahəsində görkəmli alim K.A.Timiryazev və başqalarının bitki sistematikası, filogeniyası, fizio­logiyası haqqında elmi işlərini analitik təhlil etmiş, fikirlərinə münasibət bildirmiş, üstünlüklərini göstərmiş və bu sahə­lərdə aparılacaq tədqiqatların istiqamətlərini vermişdir. O, floranın tarixini bərpa etməklə, müxtəlif floristik komplekslərin mövcud olduqları şərait, iqlim, materik və dənizlərin konfiqurasiyalarının təsiri altında dəyişən miqrasiyası nöqteyi-nəzərindən dərk edilməsinin mümkün oldu­ğunu iddia edirdi.

V.L.Komarov 400-dən çox elmi əsərin, o cümlədən Çin, Monqolus­tan, Mancu­riya, Kamçatka, Sibir və digər floraların tədqiqinə həsr olunmuş 10 cildlik “Seçilmiş əsərlər”in müəllifidir. Çoxsaylı floristik işlərində V.L.Ko­marov təyin etdiyi yeni növlərin təsvirini vermişdir. 2 cildlik “Опре­де­литель растений Дальневосточ­ного края” (həmmüəlliflə) əsərində (1931; 1932) 1966 növ bitkinin təsviri verilmişdir. Bunlardan 146-sı V.L.Ko­marov tərə­findən kəşf edilmişdir. 1934-cü ildə onun nəzəri ideyaları və səyi nəticəsində baş redaktoru olduğu 20 cildlik «Флора СССР» əsərinin nəşri təşkil edilmiş və 13 cildi alimin sağlığında dərc olunmuşdur.

V.L.Komarov 1943-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 3 Lenin ordeni və müxtəlif medallarla təltif edilmiş, 1-ci dərəcəli Stalin mükafat­ları (1931, 1932) laureatı olmuşdur. Onun təşəbbüsü ilə 1932-ci ildə təşkil olu­nan SSRİ EA Uzaq Şərq filialı və Botanika İnstitutu hazırda alimin adını daşıyır. Şərqi Asiyanın öyrənilməsində ölçüyəgəlməz xidmətinə görə Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən N.M.Prjevalski adına mükafata layiq görül­müşdür. “Флора Маньчжурии” (3 cild) əsərinə görə o, Rusiya EA tərəfin­dən akademik Ber mükafatına, Botaniki coğrafiya Beynəlxalq Akademi­yasının (Fransa) meda­lına layiq görülmüşdür.

V.L.Komarov 1945-ci ildə Azərbaycan EA-nın fəxri (xarici) üzvü seçilmişdir.

V.L.Komarov 5 dekabr 1945-ci ildə vəfat etmişdir.