www.science.az
11.04.2019 09:52

Mərkəzi Elmi Kitabxananın əməkdaşları üçün “İctimaiyyətlə əlaqələr və media” mövzusunda təlim təşkil edilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) və ali məktəbin jurnalistika fakültəsinin əməkdaşlarına “İctimaiyyətlə əlaqələr (PR) və media” mövzuda təlim-seminar keçib.

Tədbirdə çıxış edən MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova təlim-seminarın Jurnalistika fakültəsi ilə 2018-ci ildə imzalanmış müqavilə çərçivəsində keçirildiyini söyləyib. O, kitabxananın informasiya istehsal edən və paylaşan bir qurum olduğunu deyərək, ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyini vurğulayıb.

Vüqar Zifəroğlu təlim zamanı müasir dövrdə media və ictimaiyyətlə əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, böhran vəziyyətində müəssisənin rəhbərliyinin, “PR” işinə cavabdeh şəxslərin davranışları və s. mövzularda ətraflı məlumat verib. O, ictimaiyyətlə əlaqələri düzgün istiqamətdə tənzimləməyin, müəssisənin fəaliyyəti haqqında mediaya dolğun məlumat ötürməyin vacibliyindən bəhs edib, dünyada “PR” anlayışına 500-dən artıq tərif verildiyini deyib.

İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər verərək mövzu barədə fikirlərini səsləndiriblər. İkigünlük tədbirin sonunda təlimin iştirakçılarına sertifikatlar, BDU-nun əməkdaşlarına isə sertifikatla yanaşı, kitabxananın birillik oxucu kartı təqdim edilib.

Gələcəkdə hər iki qurumun birgə təlim və seminar keçirməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.