Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblilərin Aşqarlar Kimyası İnstitutuna ekskursiyası təşkil edilib
16.04.2019 16:47
  • A-
  • A
  • A+

Məktəblilərin Aşqarlar Kimyası İnstitutuna ekskursiyası təşkil edilib

Bu gün Azərbaycan Britaniya Kollecinin bir qrup şagirdi AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) olub.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d., dosent Əfsun Sucayev şagirdlərə bu elmi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, magistr və yüksəkixtisaslı kadr hazırlığı və əldə olunan mühüm elmi yeniliklər barədə məlumat verdi. O, institutda görkəmli kimyaçıların fəaliyyət göstərdiyini və həmin alimlərin formalaşdırdığı “Aşqarlar kimyası” məktəbinin dünya elminə, eləcə də Azərbaycan iqtisadiyyatına böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Ə.Sucayev bildirib ki, institutda sürtkü yağları, yanacaq və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional  təsirli aşqarların sintezinin elmi əsaslarının hazırlanması, onların alınma texnologiyasının işlənilməsi, həmçinin müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, eləcə də fizioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində fundamental  tədqiqatlar aparılır. Bu elm ocağında alınan müxtəlif funksional təsirə malik yüksək təsirli yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə və siyrilməyə qarşı bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunur.

Şura sədri qeyd edib ki, institutda aparılan tətbiqi işlər sırasında Bakı Tbilisi-Ceyhankəməri ilə nəql olunan neftin axınını sürətləndirən “Depresator-AKİ” aşqarı, işlənmiş yağ və sürtkü materiallarının təkrar regenrasiyası, neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi üçün yaradılan fitobioremedasiya üsulu və müxtəlif xəstəliklərə qarşı antioksidant və izoenzim inhibitoru təsiri göstərən fizioloji fəal maddələrin sintezi xüsusi qeyd edilməlidir.

O, gənclərin elmə həvəsləndirilməsi üçün orta və ali məktəblərdə şagird və tələbələrlə birgə həyata keçirilən layihələr, stimullaşdırıcı tədbirlər barədə da məlumat verdi.

Sonra məktəblilər institutun Korroziya inhibitorları, Fiziki-kimyəvi analiz və Zərif üzvi sintez laboratoriyalarında istifadə olunan müasir cihaz və avadanlıqlarla, onların iş mexanizmi ilə yaxından tanış olublar. Korroziya inhibitorları laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Məziyə Mirzəyevə, elmi işçi Səbiyə Osmanova və Aşqarların sintezi və təsir mexanizmin nəzəri əsasları laboratoriyasının böyük elmi işçisi, k.ü.f.d. Sevinc Qocayeva həyata keçirilən tədqiqatlar və istifadə olunan sintez və fiziki-kimyəvi analiz cihazları haqqında şagirdlərə məlumat veriblər.

Daha sonra institutun kiçik elmi işçi Mir Əli İsakov məktəblilər üçün əyləncəli təcrübələr nümayiş etdirib.

Sonda Azərbaycan Britaniya Kollecinin İmtahan və qiymətləndirmə departamentinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Həsən Həsənov, məktəbin biologiya müəllimi Mələk Əzizova çıxış edərək bu cür ekskursiyanın şagirdlərdə böyük maraq yaratdığını, onların nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani nümayişinin onları elmə cəlb etdiyini söyləyib, istedadlı məktəblilərin birgə elmi layihələrdə iştirak etməsinin zəruriliyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: