www.science.az
18.04.2019 17:03

Türkiyənin ölkəmizdəki səfiri Şərqşünaslıq İnstitutunda olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral aprelin 18-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səfir əvvəlcə institutun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən söz açıb, qədim tarixə malik xalqlarımızın hər zaman bir-birinə dəstək olduğunu qeyd edib.

İki ölkə arasındakı elmi və mədəni əlaqələrdən danışan institut direktoru bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan türkoloq alimlərin mühüm rolunu önə çəkib. O, Şərqşünaslıq İnstitutunda Türkiyə tarixi, iqtisadiyyatı, türk dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan bəhs edib.

İnstitutda türkologiya sahəsində görülən işlərdən məmnunluğunu ifadə edən səfir iki ölkə alimlərinin əməkdaşlığını yüksək qiymətləndirib.

Daha sonra E.Özoral şərqşünas alimlərlə görüşüb. Səfir Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə söykəndiyini, eyni millətə, dilə, dinə sahib olan iki xalq arasındakı qardaşlıq münasibətlərinin əsrlər boyu yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini bildirib. O, elmi əlaqələrin inkişafının da hər iki ölkə üçün faydalı olacağına inamını ifadə edib.

Sonda Şərqşünaslıq İnstitutunun əməkdaşları türkologiya sahəsində gördükləri işlər barədə səfirə məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.