Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.04.2019 15:07
  • A-
  • A
  • A+

“Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçirilib

“Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli dilçi alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə "Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri" mövzusunda respublika konfransı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Dilçilik İnstitutunun əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində alimin əsərlərindən ibarət sərgi də təşkil olunub.

Tədbiri akademik İsa Həbibbəyli açaraq görkəmli dilçi alimin elmi-pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, Y.Seyidov XX əsrin 60-cı illərindən etibarən Azərbaycanda dilçilik elminə istiqamət verən əsas şəxslərdən biri olub, sintaksis, morfologiya, söz birləşmələri problemləri ilə bağlı önəmli tədqiqatlar aparıb.

Alimin həyatını dilçilik elminin, ölkəmizdə təhsilin inkişafına həsr etdiyini deyən İ.Həbibbəyli Y.Seyidovun "Müasir Azərbaycan dilində feli bağlama tərkibləri" mövzusunda namizədlik, "Müasir Azərbaycan dilində söz birləşmələri" mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə etdiyini xatırladıb, bu tədqiqatların özlüyündə sanballı bir əsər olduğunu bildirib.

Akademikin sözlərinə görə, professor XI əsrdən XX əsrin sonlarına qədərki bir dövrdə Azərbaycan yazıçılarının söz, dil və onun insan həyatında, cəmiyyətdə rolu barədə fikirlərini toplayıb sistemə salıb, xalqın dilçilik, ədəbiyyatşünaslıq görüşlərinin yığcam salnaməsini yaradıb.

O, Y.Seyidovun elmi məzmununa, metodiki mükəmməlliyinə görə dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın, eləcə də "Müasir Azərbaycan dili", "Azərbaycan dilinin qrammatikası. Morfologiya" kimi qiymətli dərsliklərin müəllifi olduğunu deyib. Vurğulayıb ki, alimin tədqiqatları ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib və onun həmmüəllifi olduğu "Müasir Azərbaycan dili. Sintaksis" kitabı Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

Y.Seyidovun ədəbiyyatşünaslıq istiqamətində də önəmli tədqiqatlar apardığını, bir çox Azərbaycan yazıçısının yaradıcılığını təhlil etdiyini deyən AMEA-nın vitse-prezidenti alimin, eyni zamanda elm, ədəbiyyat, dil, eləcə də ictimai-siyasi proseslərə həsr olunmuş publisistik yazılarla mətbuatda mütəmadi çıxış etdiyini söyləyib.

Konfransda, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun "Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti", AMEA-nın müxbir üzvü Kamran Əliyevin "Yusif Seyidovun dil sevgisi", filologiya elmləri doktoru, professor Sevil Mehdiyevanın "Professor Yusif Seyidov və Nəsimi", filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün "Yusif Seyidov unudulmaz müəllim kimi" və BDU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovun "Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti" mövzusunda məruzələri dinlənilib.

Tədbirdə, o cümlədən AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə videobağlantı yaradılıb, müzakirələr aparılıb. Bağlantı zamanı institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvan elmi-ədəbi mühiti professor Yusif Seyidovun araşdırmalarında” və dosent Zülfiyyə İsmayılın “Yusif Seyidovun tədqiqatlarında sözyaradıcılığı məsələləri” mövzusunda məruzələri dinlənilib. 

Daha sonra alimin həyat və yaradıcılığını əks etdirən videoslayd nümayiş etdirilib.

Sonda alimin qızı Vəfa Seyidova çıxış edərək konfransın təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: