Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilinin tarixi sintaksisi” kitabı çapdan çıxıb
15.05.2019 14:41
  • A-
  • A
  • A+

“Azərbaycan dilinin tarixi sintaksisi” kitabı çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi” kitabı çapdan çıxıb.

Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Sevil Mehdiyeva və İsmayıl Kazımovdur.

Əsərdə ədəbi dilimizin sintaktik quruluşunun “Kitabi-Dədə Qorqud”dan XVIII əsrin sonlarına qədərki inkişaf yolu öyrənilib.

Nəşrdə “Dastani-Əhməd Hərami”, “Yusif və Züleyxa”, “Mehri və Vəfa” və digər klassik şairlərimizin əsərlərindən toplanmış zəngin material əsasında sintaktik əlaqələrin, ismi və feili birləşmələrin, sadə cümlənin, tabesiz və tabeli mürəkkəb cümlələrin inkişaf yolu barədə məlumat verilib. Bundan başqa, Azərbaycan dili sintaksisinin əsas quruluş modellərinin ümumxalq Azərbaycan dilinin təşəkkülü dövründə əksəriyyət etibarilə öz əsaslarını ümumxalq kök dilindən aldığı, yəni əsas sintaktik konstruksiyaların başlanğıcının qədim dövrlərlə bağlı olduğu faktlarla izah edilib.

Əsərdə söz birləşmələrinin bölgüsünə nəzər salınıb, sintaktik əlaqələrin, sadə və mürəkkəb cümlə strukturlarının səlisləşmə, təkmilləşmə istiqamətində inkişafı ilə bağlı yeni maraqlı faktlar üzə çıxarılıb.

Oxucu kitabla tanışlıq əsasında Azərbaycan xalqının və dilinin təşəkkül və inkişaf yollarına dair geniş məlumat almaqla yanaşı, Azərbaycan dilinin kökündə ən qədim aborigen türk tayfaları dillərinin durduğunun inkaredilməz olduğunu bir daha yəqin etmiş olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: