Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Azərbaycan geofizika məktəbinin diaspor alimi Lev Eppelbaumun 60 yaşı tamam olur
16.05.2019 09:43
  • A-
  • A
  • A+

Azərbaycan geofizika məktəbinin diaspor alimi Lev Eppelbaumun 60 yaşı tamam olur

XX əsrin sonunda geofizika elminin tarixində şərəfli yerlərdən biri də beynəlxalq səviyyəli alim, geniş erudisiyaya malik Lev Vilenoviç Eppelbauma məxsusdur. Müxtəlif elmi metodologiyalara dərindən yiyələnməsi və geoloji-geofiziki prosesləri hərtərəfli təhlil etmək qabiliyyəti ilə o, geofizikanın bir çox sahələrində özünü parlaq göstərmişdir.

L.Eppelbaum 18 may 1959-cu ildə Tbilisi şəhərində mühəndis-qazmaçı və müəllim ailəsində anadan olub. 1964-cü ildə ailələri ilə Bakıya köçüb və 1976-cı ildə burada 225 saylı orta məktəbi bitirib. O, 1977-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinin Geofizika şöbəsinə daxil olub və 1982-ci ildə təhsilini başa vurub.

Görkəmli alim dissertasiya işini Gürcüstan Elmlər Akademiyasının Geofizika İnstitutunda müdafiə edib. O, öz intellektual inkişafını şahmatla da bağlayıb. Belə ki, 1983-cü ildə Şahmat üzrə Bakı şəhərinin çempionu adını, 1984-cü ildə isə şəhərin vitse-çempionu adını qazanıb.

1991-ci ildən İsrailin Tel-Əviv Universitetinin Geofizika kafedrasında işləməyə başlayıb. 2005-ci ildə isə professor vəzifəsinə təyin olunan alim Tel-Əviv Universitetində potensial geofiziki sahələr, tətbiqi geofizika, arxeoloji geofizika, dəniz geofizikası üzrə xüsusi kurslardan mühazirələr oxumağa başlayıb.

Lev Eppelbaumun geofiziki sahələrin ümumi nəzəriyyəsi, geoloji-geofiziki materialların kompleks interpretasiyası, qravitasiya və maqnit sahələrinin üçölçülü modelləşdirilməsi, ekoloji və arxeoloji geofizika, seysmik təhlükənin qiymətləndirilməsi və bir çox digər məsələlər üzrə çoxsaylı elmi əsərləri müasir dövrdə də aktualdır.

Son dövrlərdə onun ən mühüm naliyyətlərdən birini, müasir yanaşmaların və geoloji-geofiziki interpretasiya metodlarının tətbiqi nəticəsində 260-280 milyon il yaşlı Kiam paleomaqnit hiperzonasına aid edilən, Şərqi Aralıq dənizi okean qabığının qalın blokunun aşkar olunmasını hesab etmək olar. Bu, 180 milyon ildən artıq yaşa malik olan okean qabığı bloklarının mövcudluğunu əvvəllər mümkün hesab etməyən tektonika və geodinamikanın klassik nəzəriyyəsinə mühüm əlavə idi.

Məşhur geofizik L.Eppelbaum illərlə Azərbaycandan uzaqda - İsraildə elmi fəaliyyət göstərməsinə baxmayaraq, doğma diyara məhəbbət hissi onda bu günə kimi qalmaqdadır. Alim 1988-ci ildən AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticələrindən biri kimi görkəmli geofizikin AMEA-nın aparıcı alimləri ilə birlikdə Springerdə (2016-2017-ci illərdə) ikicildli “Geosciences of Azerbaijan” əsərinin nəşrini misal çəkmək olar. O, tez-tez öz çıxışları və məqalələrində Azərbaycanın zəngin geoloji-geofiziki palitrasından nümunələr gətirir.

L.Eppelbaumun elm və təhsilin inkişafına töhfəsi hər zaman yüksək qiymətləndirilmişdir. 2017-ci ildə ona Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü fəxri adı verilmişdir. Elə həmin il o, hidrodinamika və tektonika sahəsində uğurlarına görə “Elm və Təhsilin Cömərdi” fəxri nişanına layiq görülmüşdür. Mühüm dünya tərəqqisinə gətirən potensial geofiziki sahələrin analizi sahəsindəki uğurlarının məcmusuna görə geofizik-alim 2019-cu ildə Yer elmləri Avropa Cəmiyyətinin "Xristian Hüygens" medalı ilə təltif edilmişdir.

O, 380-dən çox elmi iş, o cümlədən 9 kitab və nüfuzlu jurnallarda dərc olunan 150-dən artıq məqalənin müəllifidir.

Professor L.Eppelbaum 15-dən artıq beynəlxalq jurnalın redaktoru və redaksiya heyətinin üzvü və təxminən 70 aparıcı jurnalın rəyçisidir. Alim bir sıra beynəlxalq elmi komissiyaların üzvüdür.

Hazırda tanınmış geofizik fənlərarsı metodları cəlb edərək və yüksək ixtisaslı məqalələr və kitablar çap etdirərək, geologiya və geofizika sahəsində özünün innovasiya tədqiqatlarını davam etdirir. Həmçinin tətbiqi geofizikanın nəzəriyyəsi, geofiziki sahələrin modelləşdirilməsi və ekoloji geofizika üzrə kurs və diplom işlərinə rəhbərlik edir.

Bu il böyük geofizik Lev Eppelbaumun 60 yaşı tamam olur. Yubiley münasibətilə görkəmli alimi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

Fəxrəddin Qədirov, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: