Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib
16.05.2019 14:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev, institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev və Nigar Babayevanın həmmüəllifi olduqları “Molibden” adlı kitabın və Bayram Rzayevin “Dmitri İvanoviç Mendeleyev” monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev hər iki kitabın elmi əhəmiyyətini vurğulayıb, müasir dövr üçün aktuallığından danışıb. Bildirib ki, kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan “Dmitri İvanoviç Mendeleyev” adlı monoqrafiyada dahi kimyaçı, dövri qanununun yaradıcısı Dmitri Mendeleyevin çoxistiqamətli yaradıcılığından bəhs olunur. “Molibden” adlı vəsait isə molibden və onun birləşmələri sahəsində çalışan elmi işçilər, kimyaçı texnoloqlar, magistrlar və ali məktəb tələbələri üçün faydalı elmi əsər olmaqla yanaşı, müəlliflər tərəfindən aparılan tədqiqatların nəticələrini özündə əks etdirib.

Diqqətə çatdırılıb ki, kitabda molibdenin minerallarının və onlardan flotasiya üsulu ilə konsentratların alınması, konsentratlardan molibden birləşmələrinin və metal molibdenin alınma texnologiyası, miqdari təyini metodları ilə bağlı məlumatlar verilib. Həmçinin burada Naxçıvanda molibdenin filiz və təzahürlərinə aid geniş tədqiqatlar var. 

Daha sonra dosent Əhməd Qarayev “Dmitri İvanoviç Mendeleyevin həyat və yaradıcılığı”, Sorbsiya prosesləri laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “Dmitri İvanoviç Mendeleyevin yaradıcılığından epizodlar”, Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Molibden” kitabı haqqında bir neçə söz” və kimya üzrə fəlsəfə doktoru Mahnur Cəfərli “Molibden” kitabının elmi əhəmiyyətinə dair” mövzusunda məruzələrlə çıxış ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: