Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.05.2019 16:56
  • A-
  • A
  • A+

Rusiya Elmlər Akademiyasının prezidenti Milli Onkologiya Mərkəzi ilə yaxından tanış olub

Rusiya Elmlər Akademiyasının prezidenti Milli Onkologiya Mərkəzi ilə yaxından tanış olub

Ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) olub.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevBiologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Q.V.Plexanov adına RİU-nin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva və digər məsul şəxslər iştirak ediblər.

Öncə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev qonaqlara rəhbərlik etdiyi qurumun klinik-elmi fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, böyük elmi potensialı və müasir maddi-texniki bazası olan bu müəssisə təkcə onkologiya sahəsində deyil, həm də aidiyyatı olan elmlərlə birgə tədqiqatlarda iştirak edir.

Akademik C.Əliyev nümayəndə heyətinə MOM-un yeni istifadəyə verilmiş korpusu, burada quraşdırılmış müasir avadanlıqlar barədə məlumat verib. Həmçinin ölkə əhalisinin müraciət etdiyi əsas onkoloji problemlər və müalicə üsullarından danışıb. Qeyd edib ki, güclü kadr potensialına malik olan MOM-u artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə müqayisə etmək olar.

Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan baş direktor bildirib ki, əvvəllər Azərbaycanda onkoloji xəstəliklər sistematik araşdırılmırdı. Lakin son dövrlərdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da səyi nəticəsində bu istiqamətdə ciddi uğurlar əldə edilib, müasir, ixtisaslaşmış və mühüm müalicə ocağı olan Uşaq Onkoloji Klinikası yaradılıb.

Alim Azərbaycanda bu gün rus dilində tədrisin böyük əhəmiyyətə malik olduğunu qeyd edərək ölkəmizdə son dövrlər yeni rusdilli təhsil müəssisələrinin fəaliyyətə başladığını deyib. O, Moskva Dövlət Universitetinin və M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirərək ölkədə Rusiyanın digər universitetlərinin də filiallarının açılmasına dair təkliflərin hazırlandığını bildirib.

Cəmil Əliyev ölkələrimiz arasında bir sıra strateji istiqamətlər, o cümlədən onkologiya sahəsində olan dinamik və intensiv əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

REA-dan olan nümayəndələr isə öz növbəsində Rusiyada yeni qurulmuş onkoloji mərkəzlər, orada xəstələrin müalicəsi üsulları və həyata keçirilən tibbi layihələr haqqında məlumat veriblər.

Görüşdə, həmçinin onkoloji xəstəliklərlə bağlı ümumdünya problemləri ətrafında müzakirələr aparılıb. Alimlər müasir kibertexnologiyaların onkoloji xəstəliklərdəki rolu və lazer sistemləri, o cümlədən yeni avadanlıqların üstünlükləri barədə fikirlərini bölüşüblər.

Tərəflər gələn il Azərbaycanda yaradılması planlaşdırılan tibbi sığorta haqqında fikir mübadiləsi apararaq, bu addımın həm cəmiyyət, həm də həkimlər üçün faydalı olacağına əminliklərini ifadə ediblər.

Sonra nümayəndə heyəti MOM-un ən müasir avadanlıqlarla təchiz edilmiş tibbi fizika, müalicə və radiologiya  korpuslarını gəzərək xəstələrin intensiv müalicəsi üçün yaradılan şəraitlə, eləcə də mərkəzdə aparılan elmi tədqiqatlarla yaxından tanış olublar. Diqqətə çatdırılıb ki, burada şişlərin müxtəlif lokalizasiyası ilə onkoloji xəstələrin distansion şüa müalicəsinin yeni dozimetrik planlaşdırma metodlarının hazırlanması, şişlərin müxtəlif lokalizasiyası ilə onkoloji xəstələrin şüa müalicə metodlarının optimizasiyası və digər tədbirlər həyata keçirilir.

Qonaqlar MOM-da onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu vurğulayaraq, burada onkoloji xəstəliklərin profilaktikası və müalicəsi sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

Daha sonra REA-nın prezidenti Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: