www.science.az
23.05.2019 09:51

İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri ilə görüş keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer ilə görüş keçirilib. Görüşdə əsas məqsəd institutun GEANT-ın GN4-3, eləcə də bir sıra digər layihələrinə qoşulmasına dəstək göstərilməsi və EapConnect layihəsi çərçivəsində gələcək əməkdaşlığın genişləndirilməsi üçün priorietlər və mövcud problemlərin müzakirəsi olub.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qonağa rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, institutda Big Data analitika, kibertəhlükəsizlik, Data mining, elektron tibb, bulud texnologiyaları, proqram mühəndisliyi, elektron elm və digər istiqamətlərdə elmi tədqiqatların aparıldığını və əldə olunan elmi nailiyyətlərin informasiya cəmiyyətinin formalaşmasında tətbiq olunduğunu bildirib. Alim, həmçinin institutun müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak etdiyini vurğulayıb.

Azərbaycanda ilk dəfə İnternetə çıxışın 1991-ci ildə məhz bu institutda həyata keçirildiyini deyən R.Əliquliyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan institutun AzScienceNet şəbəkəsinin xidmətləri barədə məlumat verib. Alim şəbəkənin GEANT Assosiasiyasında Azərbaycanı təmsil etdiyini söyləyib. R.Əliquliyevin sözlərinə görə, AzScienceNet və AzEduNet arasında inteqrasiyanın təmin olunması nəticəsində AMEA ilə yanaşı, AR Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, doktorant və dissertantlarının da GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılmışdır.

İnstitut direktoru, həmçinin qurumun Tədris-İnnovasiya Mərkəzi barədə də məlumat verib, mərkəzdə İKT üzrə biliklərin tədrisinin həyata keçirildiyini vurğulayıb.

Leoni Şafer institutda yaradılmış innovativ şəraiti, xüsusilə də AzScienceNet şəbəkəsinin imkanlarını yüksək qiymətləndirib. Qonaq Azərbaycanda, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunda Avropanın elm və təhsil layihələrinə qoşulmaq üçün böyük imkanların yaradıldığını qeyd edərək, əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını deyib. O, ölkəmizi GEANT-ın layihələrində daha yaxından iştirak etməyə çağırıb.

Sonra qonaq institutun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, Distant Tədris və Elektron Kitabxana mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, İnternet-kafe, eləcə də AzScienceNet elm kompüter şəbəkəsi və onun Data Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olub.

Daha sonra institutun mütəxəssislərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə L.Şafer GEANT Assosiasiyası və onun xidmətləri, GN4-3 və GN4-3N layihələrinə dair təqdimatla çıxış edib.

Məruzəçi ümumilikdə 10 min institutun və 50 milyon akademik istifadəçinin qoşulduğu GEANT Assosiasiyasının Avropa Birliyinin maliyyələşdirdiyi layihələrdə iştiraka dəstək verdiyini, tədqiqatçılar arasında əməkdaşlığı dəstəklədiyini, Pan-Avropa infrastrukturunu idarə etdiyini və çoxsaylı tədqiqat xidmətləri göstərdiyini nəzərə çatdırıb. 

L.Şafer GEANT-ın 2022-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan GN4-3 və GN4-3N layihələri barədə də danışıb. O, GN4-3 layihəsinin fəaliyyət istiqamətlərindən söz açaraq, yeni xidmətlərin layihələndirilməsi, əməliyyat xidmətlərinin təmin olunması və beynəlxalq əməkdaşlığın təşkili istiqamətlərindən bəhs edib.

Çıxışının sonunda məruzəçi GEANT-ın təşkil etdiyi “TNC19” konfransının 16-20 iyun 2019-cu il tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcəyini deyib, institut əməkdaşlarını bu konfransda iştirak etməyə səsləyib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.