Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.05.2019 12:50
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Pekində keçirilən beynəlxalq konfransda məruzə edib

Akademik Akif Əlizadə Pekində keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “Asiya Sivilizasiyaları Dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi iştirak edib. Çin Xalq Respublikasının Sədri Si Szinpinin himayədarlığı və iştirakı ilə təşkil edilən konfransa müxtəlif ölkələrdən 1000-dən artıq iştirakçı qatılıb.

Akademik A.Əlizadə cənab Si Szinpinin sədrliyi ilə keçirilən konfransın ziyafət və açılış mərasimlərində, həmçinin ölkənin müvafiq nazirlərinin və dəvət olunmuş yüksək rütbəli qonaqların iştirakı ilə keçirilən müzakirələrdə iştirak edib.

Bundan başqa, alim “Asiya sivilizasiyalarının qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcək” adlı forumda “Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə zəngin svilizasiyaların beşiyi olan Asiyanın tarixi, onun dünya üzrə mədəni dəyərlərin yaradılmasında yeri və rolu, eləcə də çağdaş dövrümüzdə Asiya ölkələrinin inkişaf tendensiyalarına toxunulub.

Qeyd olunub ki, dünya iqtisadiyyatında Asiyanın xüsusi çəkisinin tədricən artması müasir dövrdə əsas trendə çevrilib. Tarixən Asiyada iki əsas lider dövlət Çin və Hindistan idisə, bu gün Yaponiya, Cənubi Koreya, Tailand, Pakistan və digər ölkələr dünya iqtisadiyyatına ciddi təsir edən ölkələrdir.

Bildirilib ki, müasirləşmə kompleks, hərtərəfli hadisədir və yalnız iqtisadi münasibətlərlə məhdudlaşdırılmır. Tədqiqatçıların fikrincə, Asiya ölkələri öz iqtisadi, siyasi və ictimai-mədəni inkişafının parametrlərinə görə hər zaman Qərb modelindən fərqlənib. Buraya zəhmətsevərlik, nizam-intizam, nüfuzlu hakimiyyət, ailə dəyərləri və s. aid etmək olar.

Məruzədə, həmçinin Asiyanın əsas ölkələrindən olan Azərbaycanın tarixi təcrübəsinə də toxunulub. Qeyd olunub ki, insan potensialına görə dünya xəritəsində mühüm yeri olan Azərbaycan kiçik ölkələr kateqoriyasına daxil olsa da, vacib bir missiyanı yerinə yetirir. Ölkə Avropa və Asiya, eləcə də Avrasiya və Yaxın Şərq arasında körpü rolunu oynayaraq xüsusi əhəmiyyətli coğrafi mövqeyini hər zaman qoruyub saxlayır.

Konfransda idarəçilik mübadiləsi, sivilizasiyanın müxtəlifliyinin mühafizəsi, mədəniyyət turizmi və insan mübadiləsi, Asiya sivilizasiyasının irsi və inkişafında gənclərin rolu, Asiya sivilizasiyasının qlobal təsiri, Asiya sivilizasiyalarının qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcək mövzuları üzrə ətraflı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: