www.science.az
24.05.2019 15:23

AMEA-da görkəmli alim Afad Qurbanovun 90 illik yubileyi qeyd edilib

AMEA-nın Əsas binasında görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr edilən respublika elmi konfransı keçirilib.

Əvvəlcə iştirakçılar foyedə görkəmli alimin elmi fəaliyyətini əks etdiən sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli alim Afad Qurbanovun mənalı ömür yolundan, onun zəngin elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, bütün dövrlərdə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən Afad Qurbanov dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməyib.

Akademik A.Əlizadə dilçi alimin AMEA-nın inkişafı tarixində müstəsna xidmətləri olduğunu qeyd edərək, onun 40 ilə yaxın müddət ərzində bu elm müəssisəsi üçün mühüm işlər gördüyünü, bir çox komissiya və müdafiə şuralarının üzvü və ya sədri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Afad Qurbanov Azərbaycan dilçiliyi ilə yanaşı, dünya dilçiliyinin və türkologiyanın inkişafına öz töhfəsini verib. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gün də ali təhsil müəssisələrində yeganə dərs vəsaiti olaraq istifadə edilir.

Sonra Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək Afad Qurbanovun Azərbaycan elm və təhsilinin inkişafındakı rolundan bəhs edib. O, alimin Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişaf tarixindəki böyük xidmətlərindən danışıb. Bildirib ki, A.Qurbanov tələbəlikdən rektorluğa qədər 60 ilə yaxın müddətdə bu təhsil müəssisəsi üçün tarixi işlər görüb. 

Diqqətə çatdırılıb ki, A.Qurbanov 1962-ci ildə "Səməd Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azərbaycan onomastikası", "Azərbaycan onomalogiyası məsələləri", "Poetik onomastika", "Azərbaycan dilinin onomalogiyası" kimi sanballı monoqrafiyaları çap olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib.

Qeyd olunub ki, Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanov olub.

Daha sonra Rusiya Elmlər Akademiyası (REA) prezidentinin müavini, akademik Taliya Xabriyeva REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin konfrans iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Afad Qurbanovun təhsil təşkilatçılığı”, Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin “Afad Qurbanov və ortaq türk dili”, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Afad Qurbanov və onomastika elmi məktəbi”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Afad Qurbanov və dilçilik elminin inkişafı”, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Tarixdə Afad Qurbanov (Qaraqurbanlılar) şəcərəsi”, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov “Afad Qurbanov və ümumi dilçilik”, Türk Dil Qurumunun sabiq rəhbəri, professor Şükrü Halük Akalın “Afad Qurbanov və müasir Azərbaycan əlifbası” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə Afad Qurbanovun əsərlərinin əhəmiyyətindən bəhs edilib, onun yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğu vurğulanıb.

Daha sonra “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva Afad Qurbanovun yubileyi münasibətilə hazırlanmış poçt  markasını təqdim edib. Bundan başqa, görkəmli alimin Xatirə kitabı və 13 cildlik seçilmiş əsərləri ictimaiyyətə təqdim olunub.

Sonda professor Afad Qurbanovla bağlı sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.