Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda respublika elmi konfransı keçiriləcək
03.06.2019 11:33
  • A-
  • A
  • A+

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda respublika elmi konfransı keçiriləcək

2019-cu ilin oktyabr ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransın bölmələri:

- İ. Nəsiminin poetik dilinin qrammatik quruluşu və leksik xüsusiyyətləri;

- İ. Nəsiminin şeir dilinin üslubiyyatı;

- Azərbaycan ədəbi dili tarixində Nəsimi mərhələsi;

- Azərbaycan ədəbi dili tarixi və Nəsimi ənənəsi;

- Anadilli poeziyanın təşəkkülü və inkişafı mərhələləri;

- Azərbaycan dili tarixinin öyrənilməsi: problemlər və perspektivlər.

Konfransda iştirak şərtləri:

- Konfransa təqdim edilən materiallar orijinal və daha əvvəlcə dərc edilməmiş olmalı, konfransın tematikası ilə uyğunluq təşkil etməlidir;

- Konfransın əsas işçi dili Azərbaycan dilidir. Məruzələrin mətni türk, ingilis və rus dillərində də ola bilər;

- Müəlliflər məqalələrini Təşkilat Komitəsinə təqdim edə və ya nesimi.dilchilik@mail.ru e-poçt ünvanına göndərə bilərlər;

Məruzələrin göndərilməsi üçün son tarix 30 sentyabr 2019-cu ildir.

Məqalələrin tərtibinə dair tələblər:

- Məqalələr 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1 interval aralıqla tərtib olunmalı, mətn vərəqində hər tərəfdən 2 sm. boşluq qoyulmalıdır;

- Müvafiq xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, məqalənin ümumi həcmi 5 səhifədən artıq olmamalıdır;

- Məqalənin sonunda ingilis və rus dillərində (məruzə mətni ingilis və ya rus dilində olduqda isə Azərbaycan dilində və digər müvafiq dildə) xülasə olmalıdır. Xülasədə müvafiq xarici dillərdə müəllifin adı və soyadı, onun aşağısında sərlövhə, bir sətir aşağıda isə icmal mətn əks olunmalıdır. Burada yığcam şəkildə mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunmuş yeniliklər və nəticələr verilməlidir;

- Məqalə sərlövhəsinin altında müəllifin adı, soyadı, təmsil etdiyi təşkilatın adı, varsa elmi dərəcəsi və elmi adı, elektron poçt ünvanı və əlaqə nömrəsi göstərilməlidir;

- Məqalədə istifadə edilən bütün ədəbiyyat və İnternet resursları məqalənin sonunda əlifba sırası ilə düzülməli və mətndəki istinadlar həmin sıraya uyğun nömrələnməlidir. Məsələn: (1, s.5);

- İstifadə edilən ədəbiyyat siyahısı tərtib edilərkən istinad olunmuş mənbənin bütün buraxılış göstəriciləri (müəllif, sərlövhə, nəşr ili və yeri, ümumi səhifə, İnternet ünvanı və s.) dəqiq əks olunmalı, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi mətnlərdə istinadetmə qaydalarına əməl olunmalıdır:

- Elmi dərəcəsi olmayan müəlliflərin elmi rəhbərinin (və ya elmi rəyçisinin) adı, soyadı, elmi dərəcəsi (varsa elmi adı da), məqalənin sonunda göstərilməlidir;

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115

Tel.: (+994 12) 537 20 81

E-mail: ilinguistics@lan.ab.az, nesimi.dilchilik@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: