Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib
10.06.2019 16:05
  • A-
  • A
  • A+

Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

İyunun 10-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin inkişafında Nəsimi poeziyasının rolu” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı xalqımızın ictimai mədəni həyatında əlamətdar hadisədir. O, bu sənədin dövlətimizin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi qayğının bariz nümunəsi olduğunu söyləyib.

M.Nağısoylu qeyd edib ki, Nəsiminin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Dahi Azərbaycan mütəfəkkirinin 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya tanıdılması baxımından böyük rol oynayıb. Həmin dövrdən etibarən İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

Daha sonra professor Sevil Mehdiyeva “Nəsimi şeirlərində Azərbaycan dilinin xəlqiliyi”,  dosent Qüdsiyyə Qəmbərova “Nəsimi dilində söz yaradıcılığı”, dosent Elçin Məmmədov “Nəsimi dilində arxaukləşmiş feillər və isimlər”, dosent Türkan Əskərova “Nəsimi poeziyasında frazeologizmlər” adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: