Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib
11.06.2019 14:48
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

İyunun 11-də AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Teymur Kərimli, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.

İlk olaraq Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova "Muğam problemi humanitar və dəqiq elmlərin qovşağında" mövzusunda elmi məruzə ilə çıxış edib. Alim muğamın müxtəlif istiqamətlər üzrə tədqiqinin vacibliyini diqqətə çatdırıb. Mövzunun multidissiplinar xarakter daşıdığını deyən natiq bu sahədə aparılan tədqiqatlar haqqında məlumat verib.

Sonra məruzə ətrafında Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və digərləri çıxış edərək mövzuyla bağlı təkliflərini səsləndiriblər. Bölmə məruzənin dinlənilməsi üçün Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Daha sonra elmi-təşkilati məsələlərə baxılıb. Tədbirdə "AMEA-nın professoru" elmi adını almaq üçün bölmə üzrə sənəd verən namizədlər müzakirəyə çıxarılıb. Akademik Teymur Kərimli xatırladıb ki, AMEA Rəyasət Heyəti 3 aprel 2019-cu il tarixində "AMEA-nın professoru" elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında" qərar qəbul edib. Natiq bununla bağlı müsabiqədə iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət müvafiq ekspert qruplarının yaradılmasının nəzərdə tutulduğunu deyib. Sonra namizədlər çıxış edərək elmi fəaliyyətləri və nailiyyətləri haqqında geniş məlumat veriblər.

İclasda Memarlıq və İncəsənət İnstitutu, Nəsimi adına Dilçilik İnstitutunun strukturlarında, eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərar layihəsinin Rəyasət Heyətinə təqdim olunacağı bildirilib.

Bölmənin növbəti qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Teyyub Quliyev Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. Tədbirdə, həmçinin digər kadr məsələlərinə baxılıb.

Sonda cari məsələ müzakirə olunub. Bildirilib ki, bu il Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 ili tamam olur və bunula bağlı il ərzində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bölmə muzeyin yubileyi ilə bağlı tədbirlər planını təsdiq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: