www.science.az
20.06.2019 17:15

FRTEB-in iclasında respublika ərazisinin məsafədən monitorinqini nəzərdə tutan layihə müzakirə olunub

İyunun 20-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilib.

Fizika İnstitutunda baş tutan iclasda müzakirə olunan əsas məsələlərdən biri Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-ın müxbir üzvü Namiq Cəlilovun təqdim etdiyi "Azərbaycan Respublikası ərazisində peyk və peykaltı optik müşahidələr əsasında ətraf mühitin məsafədən monitorinqi və nəzarət sisteminin işlənməsi" elmi-tədqiqat layihəsi olub.

N.Cəlilov bildirib ki, layihənin əsas məqsədi operativ, dəqiq, genişmiqyaslı və eyni zamanda səmərəli şəkildə ətraf mühitin məsafədən monitorinqi, nəzarət sisteminin yaradılması və istifadəsindən ibarətdir. Qeyd edilib ki, süni peyklərdən alınan kosmik məlumatların əsaslı emalı üçün yer səthində teleskopik və spektrofotometrik ölçmələr aparılması, alınan məlumatların təhlili və istifadəsi üçün regional aerokosmik elmi-praktik metodların işlənməsi tələb olunur: "Kosmik tədqiqatlar aparıldıqda iki istiqamət - böyük miqyasda fon şəraiti və kiçik miqyasda lokal şərait nəzərə alınmalıdır. Bunun üçün elmi əsasda peykaltı poliqonların seçimi və bu poliqonların səmərəli şəkildə texniki təchizatı təmin edilməlidir. Ölkəmizdə baş aerokosmik poliqon kimi Şamaxı Astrofizika Rəsədxanası fəaliyyət göstərə bilər".

Bundan əlavə, yerüstü spektrofotometrik ölçmələr və peyk məlumatların lokal ərazinin dinamik optik modelini qurmağa imkan verdiyi, bu modellərin bir çox praktik diaqnostik məqsədlər üçün tətbiq oluna biləcəyi vurğulanıb. N.Cəlilovun sözlərinə görə, yaradılacaq aerokosmik məlumatlar bazası və kosmik monitorinq sistemi milli informasiya infrastrukturunun tərkib hissəsi olmalıdır.

İclasda qeyd edilib ki, hazırda əksər ölkələr UNESCO-nun eqidası altında təşkil olunmuş nüfuzlu beynəlxalq AERONET (AErosolROboticNET-work) peykaltı proqrama qoşulub. Bildirilib ki, bu proqram fasiləsiz olaraq eyni zamanda müxtəlif peyklərdən və dünyanın müxtəlif peykaltı AERONET şəbəkəsindən spektrofotometrik məlumatlar almağa imkan verir və ölkəmizin bu proqrama qoşulması aktual məsələ olaraq qalır.

Təqdim olunan layihə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Yekun qərarda layihənin dəstəklənməsi qərara alınıb və onun icrasına digər institutların da qatılması tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.