www.science.az
21.06.2019 12:16

Botanika İnstitutunda AMEA-nın müxbir üzvü İvan Karyaginin xatirəsi anılıb

AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan florasının görkəmli tədqiqatçısı, AMEA-nın müxbir üzvü İvan Karyaginə həsr olunan elmi simpozium keçirilib.

Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov görkəmli alimin Azərbaycan botanika elminin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, İ.Karyagin 72 illik ömrünün 43 ilini Azərbaycan florası və onun bitki örtüyünün sistematik və floristik tədqiqinə həsr edib. O, Herbari Fondunun yaradılması və zənginləşdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib.

Sonra çıxış edən Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə İ.Karyaginin mənalı ömür yolundan, elmi və elmi-təşkilati fəaliyyətindən söhbət açıb. Qeyd edib ki, botanik alimin elmi redaktorluğu ilə 1950-1961-ci illərdə 8 cildlik “Azərbaycan florası” adlı fundamental əsər çap edilib. Bu əsər 437 bitki növünün sistematik göstəricisini əhatə edir. 

Diqqətə çatdırılıb ki, İ.Karyagin 1958-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. O, elmi nailiyyətlərinə görə Lenin ordeni, həmçinin digər orden və medallarla təltif edilib. Elm üçün bir sıra yeni bitki növləri alimin şərəfinə adlandırılıb.

Tədbirdə Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d., dos. Rəşad Səlimovun “Bitki sistematikasında müasir inkişaf tendensiyaları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Azərbaycan botanika elm tarixinin ən dəyərli səhifələrindən biri tanınmış alim İ.Karyaginin adı ilə bağlıdır.

Daha sonra akademik Məhərrəm Babayev və digərləri çıxış edərək görkəmli alimin xatirəsinin daim xalqımız tərəfindən dərin hörmət və ehtiramla anıldığını bildiriblər.

Sonda Azərbaycan florasının görkəmli tədqiqatçısı İ.Karyaginin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirillib.

Təödbir çərçivəsində akademik Validə Əlizadənin rəhbərliyi ilə tərtib edilmiş “Plants of the Greater Caucasus (Azerbaijan)” adlı kitabın təqdimatı da olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.