Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynov vəfat edib
25.06.2019 09:57
  • A-
  • A
  • A+

Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynov vəfat edib

Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də 95 yaşında vəfat edib.

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. O, Şəki şəhərindəki ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, Azərbaycan Dövlət Universitetinin (ADU) Filologiya-jurnalistika şöbəsində və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.

1954-cü ildə MDU-nun Jurnalistika fakültəsində namizədlik dissertasiyasını müdafiə edən alim 1954-1961-ci illərdə ADU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasında müəllim, dosent vəzifələrində çalışıb. 1971-1976-cı illərdə ADU-nun Jurnalistika fakültasinin dekanı olub. O, 1988-ci ildən BDU-nun Mətbuat tarixi kafedrasının professor idi.

Şirməmməd müəllimin keçdiyi həyat yolu öz-özlüyündə çox şey deyir. O, sovet ideoloji kanonlarının hökm sürdüyü senzura qadağaları şəraitində tələbələrinə millət sevgisi aşılayırdı. Dərsini təsdiqlənmiş proqramlara əsasən deyirdi, eyni zamanda tələbələrə gah sətiraltı, gah da açıq şəkildə əsl həqiqətləri çatdırmağa çalışırdı.

Onun qələmə aldığı bütün yazılar Azərbaycanın istiqlalı, qoruyub yaratmalı olduğumuz milli dəyərlər və ideallarla bağlı idi. Şirməmməd müəllimin çoxsaylı kitabları içərisində “Parlament hesabatları” onun şah əsəridir. Xalq Cümhuriyyəti dövründəki parlamentimizin fəaliyyətindən bəhs edən üç cildlik bu kitab yarım əsrin məhsuludur.

Şirməmməd Hüseynov milli yaddaşımızın daşıyıcısı idi, əsərləri Azərbaycanın dünəni və bu günü arasında mənəvi körpü rolu oynayırdı. Onun Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri olub. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir. O, “Həqiqət və ədalət carçısı”, “M.Ə.Rəsulzadə”, “Mənəvi irsimiz və gerçəklik”, “Mətbu irsimizdən səhifələr” və digər dəyərli kitabların və əsərlərin, həmçinin çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifi idi.

Azərbaycan mətbuat tarixi alimin əsas tədqiqat sahəsi olsa da, Ş.Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən idi.

Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən professor Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi onun bu və digər xidmətlərinə verilən yüksək qiymət idi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərmiş Şirməmməd Hüseynov daim həqiqətin, ədalətin, azad sözün tərəfdarı olub. Buna görə də təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb. O, ürəyində hər zaman Vətən və millət sevgisi daşıyırdı. Ömrünün sonunadək bu sevgi ilə yaşadı, dünyadan bu sevgi ilə bərabər köçdü...

Görkəmli alim Şirməmməd Hüseynovla vida mərasimi iyunun 25-də saat 11:00-dan 13:00-dək Bakı Dövlət Universitetində keçiriləcək.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: