Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.06.2019 11:39
  • A-
  • A
  • A+

“Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda elmi konfrans keçirilib

İyunun 27-də AMEA-nın Əsas binasında Tarix İnstitutu və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda elmi konfrans keçirilib.

Tədbir çərçivəsində “100 yaşlı “Azərbaycan” adlı kitabın təqdimatı da olub.

Konfransı institutun direktoru, akademik Yaqub Mahmudov açaraq Cümhuriyyət tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunan materialların mühüm rol oynadığını söyləyib. Qeyd edib ki, qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində işıq üzü görüb və 1920-ci ilə kimi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib: “Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar, vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan soydaşlarımızın kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc olunub”.

Akademik Cümhuriyyət dövrünün böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəylinin “Azərbaycan” qəzetinə baş redaktorluq etdiklərini diqqətə çatdırıb.

Bu gün “Azərbaycan” qəzeti ilə sıx əməkdaşlıq etdiklərini deyən Y.Mahmudov Tarix İnstitutunun əməkdaşlarının azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi, eləcə də erməni millətçilərinin xalqımıza qarşı qanlı hücumları barədə məqalələrinin mütəmadi qəzetdə çap olunduğunu söyləyib.

Sonra “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Dövrümüzün obyektiv salnaməçisi və etibarlı arxivi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən qəzet ölkəmizin müstəqilliyinin qeyri-rəsmi simvoludur. Onun sözlərinə görə, “Azərbaycan” qəzeti ölkəmizin tarixində, bugünkü inkişafında və xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayıb: “Ümummilli lider Heydər Əliyev daim redaksiyamızla əlaqə saxlayıb, tövsiyə, məsləhət və iradları ilə peşəkarlığımızın yüksəlməsinə şəxsi töhfəsini verib. Ulu öndər və Prezident İlham Əliyev qəzetin kollektivinə müxtəlif dövrlərdə təbrik məktubları göndəriblər”.

Sonra B.Sadıqov “Azərbaycan” qəzetinin Cümhuriyyət dövründə dərc edilmiş saylarını elektron variantda Tarix İnstitutuna hədiyyə edib. Y.Mahmudov isə institutun nəşrlərini - “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə”, “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını qəzetə təqdim edib.

Tədbirdə, həmçinin t.e.d. Tofiq Nəcəfli və t.ü.f.d. Cəbi Bəhramov “Müstəqillik dövründə Azərbaycan tarixi məsələləri “Azərbaycan” qəzetinin səhifələrində”, t.ü.f.d. Vaqif Abışov “Azərbaycan” qəzetinin səhifələrində Türkiyə tarixinin əksi (1918-1920-ci illər)”, t.ü.f.d. İlqar Niftəliyev “1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı “Azərbaycan” qəzetinin səhifələrində”, t.ü.f.d. Rəşad Rüstəmov “Azərbaycan Xalq Cümhuriyyəti mövzusu “Azərbaycan” qəzetinin səhifələrində (müasir dövr)” və Akif Vəliyev “Qafqaz İslam Ordusu hərəkatı “Azərbaycan” qəzetində” mövzusunda çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: