Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin 45 yaşı tamam olur
02.07.2019 11:32
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin 45 yaşı tamam olur

Bu gün tanınmış filosof alim, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti, Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin 45 yaşı tamam olur.

Könül Bünyadzadə 2 iyul 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Orta təhsilini 1981-1991-ci illərdə Daşkəsən rayonu A.S.Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin müəssisənin dissertanturasına qəbul olunub. Hazırda Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri vəzifəsində çalışır.

O, 2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Könül Bünyadzadənin fəlsəfi yaradıcılığında üstünlük təşkil edən mövzu təsəvvüf fəlsəfəsinin müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılmasıdır. O, bir fəlsəfə tarixçisi olaraq böyük sufi Cüneyd Bağdadinin, Mənsur Həllacın, Sərrac Tusinin təlimlərini Azərbaycanda ilk dəfə tədqiq etməklə yanaşı, həm də fəlsəfi komparativistika sahəsində bir sıra ciddi tədqiqatlar aparıb. K.Bünyadzadə öz yaradıcılığında bir sıra yeni ideyalardan çıxış edir ki, bunlardan ən vacibi təsəvvüfdə və ümumiyyətlə İslam fəlsəfəsində istifadə olunan sezgi konsepsiyasını Qərb fəlsəfəsindəki irrasionalizm və intuitivizm təlimləri ilə müqayisə edərək bunların ümumi və fərqli cəhətlərini aşkar edir. Sezgi təliminin hansı məqamlarda rasionalizmə və hansı məqamlarda irrasionalizmə uyğun gəlməsi məsələsi müasir epistemologiya üçün çox önəmli bir məsələdir. Bu axtarışlarını davam etdirərək K.Bünyadzadə orta əsrlərdən müasir dövr fəlsəfəsinə keçir və Kant fəlsəfəsini, Husserl fenomenologiyasını və Timiniçkanın həyat fenomenologiyasını təsəvvüf fəlsəfəsi kontekstində nəzərdən keçirir. K.Bünyadzadənin bir xidməti də bundan ibarətdir ki, o, ayrı-ayrı fəlsəfi təlimlərin təfərrüatlarına getməkdənsə, bütövlükdə dövrün ruhunu ifadə edən ən ümumi ideyalardan çıxış edir.

Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlanıb. 10 monoqrafiya, 2 tərcümə kitabının müəllifidir, bunlarla yanaşı, xaricdə bir kitabı tərcümə edilərək nəşr olunub. Ümumiyyətlə isə 200-dən artıq məqaləsi (54-ü xaricdə) işıq üzü görüb. Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Cənubi Koreya, Malayziya, Əlcəzair, Çin və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil edib.

"Metafizika" jurnalının Redaksiya Heyətinin sədri, Beynəlxalq Fenomenologiya İnstitutunun, Nyu-York Akademiyasının, Beynəlxalq Oksford Mühyiddin İbn Ərəbi Cəmiyyətinin, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO-nun nəzdindəki Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidentidir.

Görkəmli filosof alimi 45 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: