www.science.az
04.07.2019 09:48

“Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində” adlı dəyirmi masa keçirilib

Şəki Dövlət Regional Kollecində “Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində” adlı dəyirmi masa keçirilib.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbirdə kollecin pedaqoji kollektivi, Azərbaycan bəstəkarları və musiqişünaslar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə kollecin tələbələrinin Nəsimi yaradıcılığına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan dəyirmi masada şairin həyatı, onun əsərlərində əks olunan fəlsəfi düşüncələr, Azərbaycan bəstəkarlarının müxtəlif vaxtlarda Nəsimi mövzusuna müraciət etmələri barədə müzakirələr aparılıb.

Dəyirmi masanı kollecin direktoru Sərdar Şərifov açaraq festivalın tədbirlərindən birinin bu təhsil ocağında keçirilməsinin artıq bir ənənəyə çevrildiyini bildirib.

Sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək vurğulayıb ki, 2019-cu ilin Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib.

Dəyirmi masada musiqişünas Sevda Hüseynovanın “Nəsimi ili” ilə əlaqədar Bəstəkarlar İttifaqında keçirilən tədbirlər haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyevanın “Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinovanın “Fikrət Əmirovun yaradıcılığında Nəsimi mövzusu”, İltifat Hacıxanoğlunun “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi mövzusu”nda məruzələri dinlənilib.

Bildirilib ki, ötən ilin sonlarından etibarən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə “Nəsimiyə ithaf” adlı yeni layihəyə start verilib, bir sıra uğurlu proqramlar həyata keçirilib.

Sonda kollecin tələbələrinin ifasında Nəsiminin qəzəllərinin yer aldığı konsert proqramı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.